Kaya Kallas təklif edir ki, Avropa Prokurorluğuna Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən şirkətlər və fiziki şəxslərə qarşı icraat başlamaq səlahiyyəti verilsin

16:41, 11.09.2026

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Avropa Prokurorluğuna Rusiyanın Aİ sanksiyalarından yayınmasına kömək edən şirkətlər və fiziki şəxslərə qarşı hüquqi tədbirlərə başlamaq səlahiyyətinin verilməsini təklif edir.

“Politico” diplomatlara istinadən xəbər verir ki, Kallas bunu Aİ-yə üzv ölkələrin daimi nümayəndələri ilə keçirilən görüşdə elan edib.

Kallasın təşəbbüsü ilə Avropa Prokurorluğu, mövcud məhdudiyyətləri müxtəlif yollarla pozan və “qara siyahı”ya daxil edilmiş Rusiya və Belarus təşkilatları ilə əməkdaşlıq edən şəxslərə qarşı Aİ daxilində cinayət işi açmalıdır.

“Politico”da dərc olunan məqalədə qeyd olunur ki, müxtəlif ölkələrdəki fərqli milli qanunvericilik və prokurorların müxtəlif yanaşmaları Aİ sanksiyalarının icrasına mane olur.

Məlumat üçün qeyd edək ki, Avropa Prokurorluğunun hazırkı səlahiyyət dairəsinə mütəşəkkil cinayətkarlıqla, o cümlədən çirkli pulların yuyulması, korrupsiya və sərhədlərarası fırıldaqçılıqla əlaqəli cinayətlərin araşdırılması və təqib edilməsi daxildir.

Oxşar