Kaya Kallas – BMT Nizamnaməsini nəzərə alaraq, ABŞ-ı Fələstin Administrasiyası nümayəndələrinə vizaların verilməsindən imtina qərarına yenidən baxmağa çağırırıq
Avropa İttifaqı ABŞ-ın Fələstin Administrasiyası nümayəndələrinə vizaların verilməsindən imtina qərarını tənqid edib və bunu beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib.
Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra Aİ-nin ali nümayəndəsi Kaya Kallas mətbuata açıqlamasında bildirib ki, bu məsələdə Avropa İttifaqının mövqeyi yekdildir.
“BMT ilə onun ev sahibi dövlət arasında mövcud olan razılaşmaları nəzərə alaraq, biz hamımız beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bu qərarın yenidən nəzərdən keçirilməsinə çağırış edirik”, – deyə Kallas qeyd edib.
Xatırladaq ki, ABŞ Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ərəfəsində Fələstin Administrasiyası nümayəndələrinə vizaların verilməsindən imtina edib. “BBC”-nin məlumatına görə, bu qərar Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasa və ABŞ vizaları ləğv olunan daha 80 fələstinli rəsmiyə aiddir.