Kaya Kallas ABŞ-ın Putini “Böyük iyirmilik” sammitinə dəvət etməsini pisləyib: “Putinin niyə getdiyini bilirəm. O, dünya liderlərinin ona hörmət etdiyini göstərmək istəyir”

16:58, 25.09.2026

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ administrasiyasının dekabr ayında Vladimir Putini “Böyük iyirmilik” sammitinə dəvət etməsini pisləyib.
Onun sözlərinə görə, Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunması Rusiya liderinin Ukraynada müharibəyə başladıqdan sonra ilk dəfə mühüm Qərb diplomatik sammitində iştirak edəcəyi anlamına gəlir.

“Putinin G20 sammitinə səfərinə gəlincə, mən onun niyə getdiyini bilirəm. O, dünyaya göstərmək istəyir ki, dünya liderləri ona hörmət edir. Lakin başqaları niyə onun orada olmasını istəyir? ABŞ bunu niyə istəyir? Son bir neçə gündə ABŞ-da rusiyalı kəşfiyyat əməkdaşları amerikalıları öldürmək cəhdi ilə bağlı saxlanılıblar. Bu əməkdaşlar Vladimir Putinin göstərişi ilə fəaliyyət göstərirdilər”, – deyə Kallas bildirib.

Kallasın sözlərinə görə, Rusiya müharibəni başa çatdırmağa deyil, eskalasiyanı artırmağa çalışır.

“Putin sülh istədiyini göstərməyib. Əksinə, iyul və avqust ayları Ukraynanın dinc əhalisi üçün bütün il ərzində, eləcə də bu müharibə boyunca ən çox itkinin qeydə alındığı aylar olub. Onlar dinc sakinlərə hücum edirlər, çünki döyüş meydanında heç bir irəliləyiş əldə edə bilmirlər”, – deyə Kallas bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio sentyabrın 23-də Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək “Böyük iyirmilik” sammitinə dəvət olunduğunu açıqlayıb.

Oxşar