Kaxa Kaladze İtaliyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Tbilisinin meri Kaxa Kaladze İtaliya Respublikasının xarici işlər nazirinin müavini Edmondo Çirieli ilə görüşüb.
Görüşdə tərəflər Gürcüstan və İtaliya arasında mövcud sıx münasibətlərdən və müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən danışıblar.
“Ölkələrimiz arasında dostluq münasibətinin olmasından şadam. Çox yaxşı səfiriniz var, əməkdaşlıq və dəstəyə görə ona təşəkkür edirəm. Bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, tərəfdaş ölkələrlə daha çox əməkdaşlıq etmək mühümdür. Gürcüstan Avropa kursunu açıq şəkildə bəyan edib, lakin biz bu yolda ədalətsiz yanaşma görürük. Biz heç kimlə mübarizə aparmırıq, sadəcə ölkəmizin və əhalimizin maraqlarını qoruyuruq. Məni İtaliya ilə xüsusi sevginin birləşdirdiyini yəqin ki, deməyə ehtiyac yoxdur. Ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə hər cür töhfə verməyə hazıram” — Kaxa Kaladze bildirib.
Öz növbəsində, İtaliya Respublikasının xarici işlər nazirinin müavini qonaqpərvərliyə görə merə təşəkkür edib və İtaliyanın ölkələr arasında münasibətləri dərinləşdirməyə hazır olduğunu vurğulayıb.
“Sizinlə görüşməyə şadam. Ümid edirəm ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri daha da dərinləşəcək. İtaliya Gürcüstanın ərazi bütövlüyünü və onun Avropa strukturlarına can atmasını dəstəkləyib və gələcəkdə də qətiyyətlə dəstəkləyəcək” — Edmondo Çirieli qeyd edib.
Tbilisi Meriyasında keçirilən görüşdə İtaliyanın Gürcüstandakı səlahiyyətli səfiri Massimiliano D’Antuono iştirak edib.