Kanadanın qərb hissəsində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib
Kanadanın qərb hissəsində sürətlə yayılan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib. Məlumatı “BBC” yayır.
Kanadanın Britaniya Kolumbiyası əyalətində 20 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Avqustun 7-də başlayan yanğın hazırda təxminən 136 kvadratkilometrlik ərazini əhatə edir.
Polis, yanğının iki nəfərin həyatına son qoyduğuna dair bəyanat verir. Həlak olanlar arasında Semerlendin şimal-qərbində ailə üzvü ilə birgə evdən qaçmağa çalışan 80 yaşlı qadın da var. Polisin qiymətləndirməsinə əsasən, onun ölümü yanğınla bağlıdır. Yanğın nəticəsində məhv olan binaların dəqiq sayı hələlik məlum deyil.
Okanaqan bölgəsində əhali atların və digər heyvanların təxliyəsində də çətinlik çəkir. Bəzi sakinlər heyvanların özlərinə təhlükəsiz yer tapacağına ümid edərək darvazaları açıq qoyublar. Rəsmi şəxslərin bəyanatına əsasən, alovun hündürlüyü o qədər yüksəkdir ki, öz hava şəraitini yaradır, o cümlədən ildırımın formalaşmasına səbəb olur.