Kaxetidə üzüm yığımı ənənəvi olaraq Dedoplistskaro bələdiyyəsindən başlayıb
Kaxeti miqyasında hazırda 2,7 min tona qədər üzüm emal olunub. Kaxetinin bələdiyyələrində üzüm yığımı onun yetişmə dərəcəsinə və müvafiq kondisiyasına uyğun olaraq mərhələli şəkildə davam edir.
Milli Şərab Agentliyinin məlumatına görə, hazırda üzüm yığımının koordinasiya qərargahında 230 şərab şirkəti qeydiyyatdan keçib. Bu il üçün proqnozlaşdırılan məhsul həcmi 320 min ton civarındadır.
Üzüm yığımının təşkilatlanmış şəkildə keçirilməsi və məhsulun tam realizə olunması məqsədilə Gürcüstan hökumətinin qərarına əsasən, artıq məhsul yaranacağı təqdirdə bütün üzümçülər öz məhsullarını təhvil vermək imkanına malik olacaqlar. Bu məqsədlə “Məhsulun İdarə Edilməsi Şirkəti” MMC Kaxetidə yetişdirilən üzümləri fiziki şəxslərdən müəyyən edilmiş şərtlərə uyğun olaraq qəbul edəcək.
Şəkərliliyi ən azı 21 faiz olan, kondisiyalı və zədələnməmiş Saperavi üzümünün qiyməti 1,50 lari müəyyən edilib. Şəkərliliyi 17-21 faiz arasında olan və/və ya qismən zədələnmiş qeyri-kondisiyalı Saperavi üçün qiymət 0,90 lari olacaq. Şəkərliliyi 17 faizdən aşağı olan və/və ya zədələnmiş Saperavi üzümünün qiyməti isə 0,30 lari təşkil edəcək.
“Üzüm və şərab haqqında” Gürcüstan qanununda icazə verilən üzüm sortlarından əldə olunan digər üzüm növləri üçün isə şəkərliliyi ən azı 20 faiz olan və zədələnməmiş üzümün qiyməti 1,30 lari olacaq. Şəkərliliyi 17-20 faiz arasında olan üzüm üçün qiymət 0,80 lari, 17 faizdən aşağı şəkərliliyə malik üzüm üçün isə 0,30 lari müəyyən edilib.