Kaxetidə polis qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği rayon idarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Siğnaği bələdiyyəsində, öz evində olarkən məişət zəminində yaranan münaqişə zamanı qohumuna ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
“Yaralanan kişi lazımi tibbi yardımın göstərilməsi üçün klinikaya aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs isti izlə təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis cinayətin törədilməsində istifadə olunan silahı – ov tüfəngini maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır. Sözügedən maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.