Kaxa Kaladze - "Varketili" metro stansiyası bir neçə günə açılacaq, lakin işlər metronun iş saatları bitdikdən sonra davam edəcək
“Varketili” metro stansiyası açıldıqdan sonra işlər davam edəcək, lakin bu, metronun iş saatları bitdikdən sonra və orada sərnişinlər olmayanda baş verəcək – bu barədə paytaxtın meri “Varketili” metro stansiyasının bərpası məsələsi ilə bağlı danışarkən deyib.
Kaxa Kaladzenin məlumatına əsasən, bələdiyyə reabilitasiya prosesində qeyd olunan stansiyanın bir saat gec açılması və bir saat tez bağlanması üçün çalışır.
“Metro bir neçə günə açılacaq, lakin işlər ilin sonuna qədər davam edəcək. Metronun sərnişinlərə xidmət göstərəcəyi vaxtda işləri aparmayacağıq. İş prosesinin uzanması və mümkün qədər tez başa çatdırılması üçün biz həmçinin metro stansiyasının bir saat tez bağlanması və bir saat gec açılması üzərində işləyirik. Bu müddətdə ayırdığımız müvəqqəti nəqliyyata gəlincə, başa düşürük ki, metro stansiyası bağlıdır və heç bir avtobus və mikroavtobus onun funksiyasını əvəz edə bilməz. Lakin hər insan üçün ayrıca avtobus və ya mikroavtobus ayrıla bilməz. Əlimizdə olan imkanlar daxilində marşrutların şaxələndirilməsi üçün nə etmək mümkün idisə, etdik. Əgər ictimai nəqliyyatın artırılması lazımdırsa, müvafiq xidmətlərimiz bu məsələni nəzərdən keçirəcək və əlavə nəqliyyat ayrılacaq. Lakin bir neçə günə metro da açılacaq. Narahatlıq var idi, bunun üçün vətəndaşlardan bir daha üzr istəyirəm. Bu tip və miqyasda işlərin başqa cür həyata keçirilməsi imkansızdır” – Tbilisinin meri qeyd edib.
Bərpa işlərinin təxirə salınması məsələsinə gəlincə, Kaxa Kaladze mediaya bir daha izahat verib və qeyd edib ki, layihələndirmə və ekspertiza əsas məsələdir, bu sahələr üzrə isə Gürcüstanda mütəxəssis tapılmayıb.
“Nə üçün təxirə salındığını dəfələrlə izah etmişəm. Nə miqyasda işlər getdiyini görürsünüz. Tam bərpa ilin sonunda başa çatacaq. Maraqların ifadə edilməsini elan vermişdik. Gürcüstanda bu sahədə işləyə biləcək ekspert qrupu tapılmadı. Analoji işləri görə biləcək tikinti şirkətləri çoxdur. Layihələndirmə və ekspertiza burada əsas məsələdir. Məhz bu səbəbdən bu layihə mürəkkəbləşdi və xarici ekspertlər və Samxarauli Milli Ekspertiza Bürosu tərəfindən mövcud tunelin tam skan edilməsinə qədər davam etdi. Məlum oldu ki, tağda problemlər var. Mövcud tağın müvafiq məhlullarla möhkəmləndirilməsi və bərkidilməsi üçün metronun fəaliyyətini müvəqqəti dayandırmalı olduq” – paytaxtın meri bildirib.