Kaxa Kaladze – Təəssüf ki, bəzi insanlar üçün hər güclü yağış siyasi spekulyasiya səbəbidir, vəzifəmiz mübahisə etmək deyil, problemləri vaxtında həll etməkdir
Təəssüf ki, bəzi insanlar üçün hər güclü yağış siyasi spekulyasiya səbəbidir. Vəzifəmiz həqiqətən mübahisə etmək deyil, vəzifəmiz problemləri vaxtında həll etmək və gələcəkdə şəhəri daha da dayanıqlı edəcək infrastruktur yaratmaqdır – bu barədə Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında bildirib.
Kaxa Kaladze təşvişə düşüləsi bir şey olmadığını və mərhələli şəkildə bütün problemlərin həll olunacağını deyib.
“Çox qısa müddətdə yağan qeyri-adi dərəcədə çox miqdarda yağıntı təkcə Tbilisidə problem yaratmır. Oxşar halları Avropanın bir sıra böyük şəhərlərində, o cümlədən müasir infrastrukturun yaradıldığı və bir çox məsələlərin qaydaya salındığı bizdən iqtisadi cəhətdən daha güclü olan paytaxtlarda da görürük. Hərçənd, qısa zaman kəsiyində yağan bol yağıntı, əlbəttə, müvafiq infrastruktur üçün ciddi çağırışdır. Bu o demək deyil ki, Tbilisidə problem yoxdur və ya onun həlli üzərində işləməməliyik. Məhz buna görə də, 2017-ci ildən bəri yol infrastrukturunun qurulmasına başladığımız hər yerdə, ilk növbədə, yeraltı kommunikasiyaları yeniləyirik, yağış suları axıtma sistemlərini qururuq və s.
Yadımızdadır, əvvəlki illərdə yolların bərpası tez-tez yalnız səthi işlərlə məhdudlaşırdı. Biz isə bütün vacib küçə və prospektlərin bərpası zamanı, ilk növbədə, yeraltı infrastrukturu yeniləyirik. Təəssüf ki, bu istiqamətdə onilliklər ərzində praktiki olaraq heç nə edilmirdi, bu gün isə bu problemləri biz həll edəsi oluruq.
Təşvişə düşüləsi bir şey yoxdur, mərhələli şəkildə bütün problemlər həll olunacaq. Təəssüf ki, bəzi insanlar üçün hər güclü yağış siyasi spekulyasiya səbəbidir. Vəzifəmiz həqiqətən mübahisə etmək deyil, vəzifəmiz problemləri vaxtında həll etmək və gələcəkdə şəhəri daha da dayanıqlı edəcək infrastruktur yaratmaqdır. Biz bu yanaşmanı gələcəkdə də davam etdirəcəyik. Bərpa işlərinə başladığımız bütün küçə və prospektlərdə, ilk növbədə, yeraltı kommunikasiyaları yeniləyirik. Bu məsələ haqqında dəfələrlə danışmışıq və gələcəkdə də eyni prinsiplə hərəkət edəcəyik” – Kaxa Kaladze bildirib.