Kaxa Kaladze - Tbilisi mütləq daha da inkişaf etmiş, Avropa şəhəri olacaq, sizlərin dəstəyi və "Gürcü Arzusu" timsalında güclü komanda mənə bunun zəmanətini verir
Kaxa Kaladze - Tbilisi mütləq daha da inkişaf etmiş, Avropa şəhəri olacaq, sizlərin dəstəyi və "Gürcü Arzusu" timsalında güclü komanda mənə bunun zəmanətini verir

 

Paytaxtın meri yerli özünüidarəetmə seçkilərində öz iradəsini ifadə etdiyinə və “Gürcü Arzusu” komandasına dəstək verdiyinə görə əhaliyə bir daha minnətdarlığını bildirib. O, bu barədə Tbilisi Munisipalitetinin hökumətinin iclasında danışıb.

Kaxa Kaladze bildirib ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası cari seçkilərdə paytaxtda misli görünməmiş yüksək nəticələr göstərib.

“İlk növbədə, sizi şəhərimizin həyatı və inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən yerli özünüidarəetmə seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edirəm. Bu seçimlə əhali ölkənin dinc inkişafı və Tbilisinin daha yaxşı gələcəyi ilə bağlı bir daha öz iradəsini və məqsədini ifadə etdi. Tbilisidə misli görünməmiş yüksək nəticə göstərdik – seçki məntəqələrinə gedən seçicilərin 71 faizindən çoxu bizə etimad göstərdi. Bu, 215 370 seçicinin səsidir, bu isə birinci turdaca uğur qazandığımız 2017-ci ilin yerli seçkilərində qeydə alınan nəticələri xeyli üstələyir. Alınan səslərlə bağlı reytinqi olmayan, reallıqdan qopan siyasətçilərin və onlar tərəfindən idarə edilən televiziyaların başlatdığı siyasi spekulyasiyalara daxil olmayacağam.
Gürcüstan əhalisi növbəti dəfə onlara yerini göstərdi. Dəstəyinizə və etimada görə sizə, Tbilisi sakinlərinə xüsusi minnətdarlığımı bildirirəm. Biz sizə xidmət etməkdən yorulmayacağıq, yorulmadan sizə xidmət etməyə ərinməyəcəyik. Seçiminiz, hər bir səsiniz Tbilisinin daha yaşıl olması, prospekt və küçələrin daha yaxşı abadlaşdırılması, fəaliyyət planımız şəklində sizə təqdim etdiyimiz bütün proqram və layihələrin həyata keçirilməsi deməkdir” – paytaxtın meri bildirib.

O, növbəti dörd ilin paytaxt üçün ən iddialı, rəngarəng və maraqlı olacağını deyib.

“Sizə söz verirəm, biz bu etimadı sizin qarşınızda ən böyük məsuliyyətə çevirəcəyik. Tbilisi mütləq daha da inkişaf etmiş, Avropa şəhəri olacaq. Sizlərin dəstəyi və “Gürcü Arzusu – Demokratik Gürcüstan” timsalında güclü komanda mənə bunun zəmanətini verir. Əminəm ki, sonrakı dörd il ən iddialı, rəngarəng və maraqlı olacaq. Paytaxtda hələ də üzləşdiyimiz çağırışların öhdəsindən birlikdə layiqincə gələ biləcəyik” – Kaxa Kaladze qeyd edib.

Tbilisinin meri munisipalitetin hər bir əməkdaşına göstərilən yüksək peşəkarlığa və fədakar əməyinə görə minnətdarlığını bildirib.

“Dəfələrlə demişəm ki, mənim gücüm məhz mənim komandamdadır. Onlar mühüm işlər görürlər və komandamızın başlatdığı bütün siyasətlərin həyata keçirilməsində bilavasitə iştirak edirlər. Tbilisi Munisipalitetinin hər bir əməkdaşına yorulmaz əməyə, gündəlik olaraq şəhəriniz qarşısında göstərdikləri peşəkarlığa görə təşəkkür edirəm” – Tbilisinin meri bildirib.