Kaxa Kaladze: Tbilisi bizim ümumi evimizdir və onun qayğısına qalmaq yalnız meriyanın işi ola bilməz. Birlikdə yaratdıqlarımızı birlikdə qoruyaq
Paytaxt meri Kaxa Kaladze cəmiyyəti bələdiyyənin müxtəlif xidmətləri tərəfindən Tbilisi sakinləri üçün yaradılan infrastruktura qayğı ilə yanaşmağa çağırıb. O, bu barədə “Ekoservis Qrupu” MMC-nin yenilənmiş texnikasının təqdimatı zamanı danışıb və şəhərdə hələ də vandalizm hallarının baş verməsindən narahatlığını ifadə edib.
“Bütün Tbilisi sakinlərinə bir xahişimlə müraciət etmək istəyirəm – birlikdə yaratdıqlarımızı birlikdə qoruyaq. Heç bir meydan, park, uşaq attraksionu və heç bir əkilmiş ağac yalnız meriyaya aid deyil. Bunlar bizim övladlarımızın, ailələrimizin və hər bir Tbilisi sakininin mülkiyyətidir. Təəssüf ki, şəhərdə hələ də vandalizm halları baş verir və bu, çox üzücüdür. Vandalizm yalnız bələdiyyə əmlakına zərər vurmaq deyil. Bu, öz şəhərinə, qonşularına və övladlarının gələcəyinə hörmətsizlikdir. Tbilisi bizim ümumi evimizdir və onun qayğısına qalmaq yalnız meriyanın işi ola bilməz. Şəhər o zaman həqiqətən Avropa şəhəri olacaq ki, hər birimiz yaşadığımız mühitə görə məsuliyyət hiss edəcəyik”, – deyə Tbilisi meri bildirib.
Onun sözlərinə görə, bələdiyyə gələcəkdə də yaşıllıqların salınması və yaşıl məkanların yenilənməsi işlərini fəal şəkildə davam etdirəcək.
“Biz qarşıdakı dövrdə də son illərdə olduğu kimi, Tbilisinin yaşıllaşdırılması və ekoloji baxımdan sağlam mühitin yaradılması istiqamətində eyni məsuliyyətlə fəaliyyət göstərəcəyik. Məqsədimiz Tbilisinin hər bir sakininin fəxr edəcəyi şəhərə çevrilməsidir; elə bir şəhər ki, burada təmizlik, nizam-intizam, yaşıllıq və insanlara qayğı gündəlik həyatın ayrılmaz hissəsi olsun. Çünki şəhərə sevgi sözlərlə deyil, gündəlik əmək, məsuliyyət və qayğı ilə ölçülür”, – deyə Kaxa Kaladze qeyd edib.