Kaxa Kaladze: Rustaveli prospektinin yenidən qurulması işləri aktiv mərhələdədir. Hazırkı vəziyyətə əsasən, işlərin uzanacağını deməyə əsasımız yoxdur
Tbilisi meri Kaxa Kaladze parlamentin sədri Şalva Papuaşvili və mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Mixeil Kiknadze ilə birlikdə Rustaveli prospektində aparılan təmir-bərpa və arxeoloji işlərlə tanış olub.
Paytaxtın əsas prospektinin yenilənməsi zamanı Milli Sarayla Milli Muzey arasında yerləşən yol hissəsində tarixi artefaktlar aşkarlanıb. Məlum olub ki, tapıntılar qədim Tbilisinin X-XI əsrlərə aid keramika emalatxanasının qalıqlarıdır.
Tapıntı aşkarlanan kimi Tbilisi meriyası həmin ərazidə təmir-bərpa işlərini dərhal dayandırıb. Məsələ ilə bağlı Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinə məlumat verilib. Agentliyin tövsiyəsi əsasında tarixi abidənin araşdırılması məqsədilə arxeoloji qrup ərazidə işə başlayıb.
“Rustaveli prospektində işlər aktiv mərhələdədir. Bu zaman ərazidə arxeoloji artefaktlar aşkarlanıb. Təbii ki, həmin hissədə təmir işlərini dərhal dayandırdıq və arxeoloji qrup işə başladı. Söhbət X-XI əsrlərə aid tapıntılardan gedir ki, bu da şəhərimiz üçün çox önəmlidir.
Müvafiq işlərin başa çatmasını gözləyəcəyik. Prospektin digər hissələrinə gəlincə, burada ilk növbədə yeraltı kommunikasiyalar yenilənir ki, bu infrastruktur onilliklər ərzində dayanıqlı olsun. İşlər noyabrın sonunda başa çatacaq.
Hazırda heç bir problem yoxdur. Arxeoloji tapıntıya görə işlər yalnız bir hissədə dayandırılıb, lakin burada çox sürətlə çalışırlar. Hazırkı məlumata əsasən, işlərin uzanacağını deməyə əsasımız yoxdur. Əgər buna ehtiyac yaranarsa, bu barədə də danışacağıq.
Biznes sektoruna gəlincə, bizə hər hansı müraciət daxil olmayıb. Prospektdə piyadaların hərəkəti məhdudlaşdırılmayıb. Bununla belə, biznes sektorunun görüşmək istəyi olarsa, görüşməyə hazırıq. Qapımız hər kəs üçün açıqdır”, – deyə Kaxa Kaladze bildirib.
Rustaveli prospektində aparılan tədqiqat işlərini professor və arxeoloq Merab Dzneladze və Gürcüstan Texniki Universitetinin arxeoloqları həyata keçirirlər. Mütəxəssislər aşkarlanmış artefaktları araşdıracaq, tədqiqatlar başa çatdıqdan sonra tapıntılar lazımi qaydada işlənəcək, ilkin görkəminə qaytarılacaq və Tbilisinin Tarix-Etnoqrafiya Muzeyində nümayiş etdiriləcək.
Vaxtilə “İpək yolu”nun marşrutlarından birinin üzərində yerləşən bu tarixi ərazi qədim Tbilisinin gündəlik həyatı haqqında mühüm məlumatlar ehtiva edir. Tapıntıların Tbilisinin tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilir. Aşkarlanmış arxeoloji materiallar şəhərin orta əsrlərdəki həyatı, sənətkarlığı və şəhərsalma inkişafı barədə bilikləri daha da zənginləşdirməyə imkan verir.
Ərazidə həmçinin Tbilisi merinin müavini İrakli Bendeliani, İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin rəhbəri Giorgi Abutidze, Mtatsminda rayonunun rəhbəri Davit Kirkitadze və Gürcüstan Milli Muzeyinin baş direktoru Davit Lortkipanidze olublar.
Məlumatı Tbilisi meriyası yayıb.