Kaxa Kaladze Roma meri ilə görüşüb
Kaxa Kaladze Roma meri ilə görüşüb

Tbilisi meri Kaxa Kaladze Roma meri Roberto Qualtieri ilə görüşüb.

Paytaxt meriyasından verilən məlumatda görüşün Kaxa Kaladzenin Romaya səfəri çərçivəsində baş tutduğu deyilir.

Verilən məlumatda Gürcüstan və İtaliya paytaxtlarının merlərinin iki ölkə arasında sıx və dostluq münasibətlərindən danışdıqları qeyd olunub.

Görüşdə Gürcüstanın Avropa ailəsinin ayrılmaz hissəsi olduğu və gürcü xalqının avropa seçiminin sarsılmaz olduğu vurğulanıb. Tbilisi meri İtaliyanın Gürcüstanın Avro-Atlantik yolunda göstərdiyi qəti dəstəyə görə Roberto Qualtieriyə təşəkkür edib. Tbilisi və Roma arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub.

“İlk növbədə, səmimi qonaqpərvərliyinizə görə sizə təşəkkür etmək istərdim. Bildiyiniz kimi, İtaliya mənim ikinci vətənimdir. Mənim nəsə uğurum varsa, bu, bu ölkə ilə, bu insanlarla bağlıdır. Bu sevgi və münasibətə çox diqqət edirəm. Şadam ki, bu gün biz paytaxtlar arasında anlaşma memorandumu imzalayacağıq. Ümid edirəm ki, anlaşma memorandumunun imzalanması bizə bilik və təcrübəni bir-birimizlə bölüşmək və müxtəlif istiqamətlərdə əməkdaşlıq etmək üçün daha çox imkan verəcək” – deyə Kaxa Kaladze görüşdə açıqlayıb.

Tbilisi meri İtaliyanın paytaxtına EXPO 2030 beynəlxalq sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədə uğurlar və qələbə arzulayıb.

Roma meri Tbilisili həmkarına səfərə görə təşəkkür edib. O, həmçinin EXPO 2030 sərgisinə ev sahibliyinin Romaya müxtəlif şəhərlərlə, o cümlədən Tbilisi ilə əməkdaşlığı daha da dərinləşdirməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

“Bir daha İtaliyanın Gürcüstanın suverenliyinə və müstəqilliyinə tam dəstəyini ifadə etmək istərdim. İmzalayacağımız memorandumun ölkələrimiz arasında, xüsusən də şəhərlərimiz arasında əlaqələri daha da gücləndirəcəyinə ümid edirəm. Əminəm ki, “Expo 2030” təkcə ikitərəfli deyil, həm də çoxtərəfli münasibətlərin inkişaf edəcəyi bir çərçivə olacaq” -deyə Roberto Qualtieri açıqlayıb.

Roma Meriyasında keçirilən görüşdə Tbilisi merinin müavini Andria Basilaia, Gürcüstanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Surquladze iştirak ediblər.