Kaxa Kaladze – Qanunvericilik var, qaydalar var, nə mən, nə də mənim komanda üzvlərim elə insanlar deyilik ki, ailələrə xüsusi təyinatlılarla girib zorla çıxaraq
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, nə o, nə də onun komanda üzvləri, qəzalı binalarda yaşayan insanları şəxsi mülkiyyətdən güc tətbiq etməklə çıxaran insanlar deyillər.
Kaladze bu barədə jurnalistlərə Dəmir yol stansiyası meydanında baş vermiş faciəli hadisə ilə bağlı danışarkən bildirib ki, bələdiyyənin yanaşması ondan ibarətdir ki, vətəndaşlara qəzalı binaların yeniləri ilə əvəz olunmasına dair proqramdan faydalanmaq imkanı verilsin.
“Hər şeydə – meriya günahkardır, Kaxa Kaladze günahkardır – bu doğrudurmu? Məsuliyyətə gəlincə, şəhərdə baş verən hər şey – istər yaxşı, istər pis – bizim hamımızın məsuliyyətidir. Amma doğru deyil ki, siz bu faciəvi hadisələri daima siyasi spekulyasiya üçün istifadə edirsiniz, həmişə deyirsiniz ki, Kaxa Kaladze və meriya günahkardır. Qanunvericilik mövcuddur, qaydalar var. Nə mən, nə də mənim komanda yoldaşlarım elə insanlar deyilik ki, xüsusi təyinatlılarla ailələrin evlərinə girək və zorla çıxaraq – Tabukaşvili küçəsindəki hadisədə olduğu kimi. Bu, düzgün yanaşma deyil. Biz müasir bir dövlət qururuq və insanlara deyirik: sizə imkan veririk, bu proqramdan istifadə edin və həmin qəzalı, dağılmış evlərin əvəzinə yeni mənzillər əldə edin. Bu məsuliyyəti biz daşıyırıq, meriya zəmanət verir, burada söhbət heç bir investorun məsuliyyətindən getmir. Əhalini də anlayıram – bəzi insanlar narahatlıqlarını ifadə edirlər, qorxuları var ki, bəlkə binanı heç kim tikə bilməz. Bu qorxunun əsası da var – 30 il ərzində həll olunmamış problemlər mövcud idi: investorlar gəlirdi, işə başlayırdı və nəticədə bir çox insan “kənarda qalırdı”. Biz o insanlarıq ki, bu problemi tamamilə həll etdik – onilliklərlə davam edən yarımçıq tikililərin tamamlanması prosesinə başladıq və məhz buna görə də insanlarda bu gün də qorxu var. Amma burda investor yoxdur, meriya zəmanət verir və cavabdehdir ki, bu binalar mütləq tikiləcək və bu insanlara normal şəraitdə yaşamaq imkanı veriləcək”, – deyə Kaladze bildirib.
Bələdiyyənin yerli sakinlərə etdiyi təkliflə bağlı suala cavab olaraq, mer deyib ki, bu təklif əvəzləmə proqramında iştirakla bağlı idi.
“Bu insanlara əvəzləmə proqramında iştirak etməyi təklif etdik – bu proqram təsdiqlənmiş vəziyyətdədir. Hətta sizə göstərə də bilərəm. Onlara dedik ki, meriya hazırdır – bina boşaldılsın, sökülsün və yeni yaşayış binası tikilsin. Bu prosesin sənədləri mövcuddur, sakinlərin imzaları ilə təsdiqlənmişdir. Əgər səhv etmirəmsə, yalnız iki nəfər razılığını bildirib kirayəyə çıxmağa və onlar artıq kirayə ilə təmin olunublar. Gəlin bu reallıq haqqında danışaq. Mənimlə bağlı fərqli siyasi münasibətiniz ola bilər, mən siyasətçiyəm, sizin də siyasi maraqlarınız var. Amma bu o demək deyil ki, daima yalan və yanlış məlumat yayasınız! İllər keçəcək, mən mer olmayacağam, başqa hökumətlər, başqa merlər olacaq, amma bu problemlər yenə də qalacaq. Əgər bu problemlərə düzgün kommunikasiya, düzgün qiymətləndirmə ilə yanaşmasaq, hər zaman bu problemlərin qarşısında dayanacağıq”, – deyə Kaladze bildirib.