Kaxa Kaladze – Nifrət nitqi münasibətin düzgün forması deyil, buna görə də bu istiqamətdə müəyyən nəticələr verəcək müvafiq xidmət yaradılıb
Sağlam düşünən heç kimin söyüş söyməkdən və bir-birini təhqir etməkdən xoşu gəlmir – Tbilisinin merı Kaxa Kaladze medianın sosial şəbəkələrdə nifrət nitqinin mövcudluğu ilə bağlı sualına cavab verərkən deyib.
O, bu cür hərəkətlərin təşviqinin kənardan təlqin edildiyini və bu məqsədlə müəyyən məbləğdə vəsait belə xərcləndiyini bildirib.
“Tendensiyaya nəzər salsaq görərik ki, nifrət nitqi, qütbləşmə, qarşıdurma cəhdi, inqilablar təşkil etmək, zorakı qruplar yaratmaq, təşviq etmək kənardan təlqin edilir və illər ərzində bütün bunlara yüz milyonlarla dollar xərclənirdi” – Kaxa Kaladze qeyd edib.
Merin izahatına əsasən, bu məqsədlə müəyyən nəticələr verəcək müvafiq xidmət yaradılıb.
“Nifrət nitqi münasibətin düzgün forması deyil. Kimisə bəyənməyə bilərsən, kiminsə gördüyü iş sənin üçün qəbulolunmaz ola bilər, lakin bu o demək deyil ki, ona fiziki və ya şifahi təhqir yetirməlisən. Buna görə bu istiqamətdə işləyən müvafiq xidmət yaradılıb. Müəyyən vaxt lazımdır, mütləq nəticə əldə edəcəyik” – Kaxa Kaladze bildirib.