Kaxa Kaladze - Nə qədər ki, biz hakimiyyətdəyik, heç kimə Gürcüstandan döyüş meydanı kimi istifadə etmək imkanı verilməyəcək
“Qlobal Müharibə Partiyası” haqqında danışanda heç kim bizə inanmırdı. İndi isə Donald Tramp deyir ki, ABŞ və Avropada dərin köklərə malik olan “Dərin Dövlət” məğlub edilməlidir – bu haqda paytaxtın meri Kaxa Kaladze Avropa Qonşuluq Şurasının (ENC) müşaviri Tere Helandın bəyanatlarını dəyərləndirərkən mediaya danışıb.
Kaxa Kaladze bildirib ki, hakimiyyət hər zaman ölkənin suverenliyini qoruyacaq və heç kimə Gürcüstandan döyüş meydanı kimi istifadə etməyə imkan verməyəcək.
“Nə qədər ki, “Gürcü Arzusu” hakimiyyətdədir, mən istəyirəm ki, ölkəmizin hər bir vətəndaşı bir şeyi bilsin – hər zaman ölkənin mənafeyindən çıxış edirik, hər zaman vətənimizi müdafiə edəcəyik, ölkənin müstəqilliyini qoruyacağıq və ölkənin suverenliyini daha da möhkəmləndirəcəyik. Bu, ölkənin müstəqil olması üçün və konkret bir şəxsdən, hətta Avropa dövlətlərindən asılı olmaması üçün əvvəlki nəsillərimizin uğrunda mübarizə apardıqları, qanlarını tökdükləri hər şeydir. Bu müstəqilliyin qayğısına qalmaq, gücləndirmək, möhkəmləndirmək, ölkənin iqtisadi inkişafı lazımdır. Heç kimə Gürcüstandan kiminsə maraqlarını yürütmək və ya döyüş meydanı kimi istifadə etməyə icazə verilməyəcək. Görürsünüz, Ukraynada nə baş verir, hansı proseslər gedir və bütün bunların necə bitəcəyini bir az sonra görəcəyik. Mən bunu dəfələrlə demişəm və yenə də təkrar edirəm: Ukraynada baş verənləri düşmənimə arzulamıram. Müvafiq olaraq, biz sülhü qoruyub saxlamalı, iqtisadiyyatımızı gücləndirməli və “Gürcü Arzusu”nun seçdiyi siyasəti davam etdirməliyik” – Tbilisinin meri qeyd edib.
Bununla yanaşı, Kaxa Kaladze Tere Helandın ABŞ-ın artıq Avropa üçün etibarlı tərəfdaş olmadığı barədə bəyanatını şərh edib. Paytaxt meri avropalı liderlərin başqa ölkələrin daxili işlərinə qarışdığını deyib. Bunu ABŞ-nin Prezidenti də yaxşı görür və buna görə də “Dərin Dövlət”i məğlub etməkdən danışır.
“ABŞ-nin Prezidenti Donald Tramp birbaşa Avropada baş verən iyrəncliklərdən danışır. Əlbətdə, Avropa ölkəsinin liderlərinin xarici ölkənin seçkilərinə birbaşa müdaxiləsi Amerika üçün qəbuledilməzdir. Rumıniyadakı seçkiləri nəticələri bəyənmədikləri üçün tamamilə ləğv etdilər. Gürcüstanda seçkilər keçirildi, ölkə əhalisinin əksəriyyəti sülh və inkişafı dəstəklədi, bu siyasəti həyata keçirən “Gürcü Arzusu” qalib gəldi və onlar üçün qəbuledilməz olan da məhz bu oldu. Baxın, nə cür bəyanatlar verirlər, utancvericidirlər. Tramp onların bu tip hərəkətlərini görəndə müvafiq bəyanatlar verir. Əlbətdə, biz “Dərin Dövlət”in məğlub olması üçün hadisələri izləyirik. Hamı gördü ki, Gürcüstanla bağlı hansı bəyanatlar, şantaj, sanksiyalarla təhdid baş verirdi. Bu gün başqa dünyadır, proseslər başqa cür cərəyan edir və bir neçə il, aylar əvvəl dediyimiz şeylər cəmiyyətə daha da aydın olacaq. “Qlobal Müharibə Partiyası” haqqında danışanda heç kim bizə inanmırdı. İndi isə Donald Tramp deyir ki, ABŞ və Avropada dərin köklərə malik olan “Dərin Dövlət” məğlub edilməlidir” – Kaxa Kaladze bildirib.
Avropa Qonşuluq Şurasının (ENC) müşaviri Tere Heland sosial şəbəkədə paylaşım edib, paylaşımda yazır: “ABŞ artıq Avropa üçün etibarlı tərəfdaş deyil, Avropa hərəkətə keçməlidir və Gürcüstan bizim başlayacağımız döyüş meydanıdır”.