Kaxa Kaladze - Merliyə namizədlərlə bağlı qərarı "Gürcü Arzusu"nun siyasi şurası verəcək
Kaxa Kaladze - Merliyə namizədlərlə bağlı qərarı "Gürcü Arzusu"nun siyasi şurası verəcək

 
Dəstəyə görə baş nazirə təşəkkür edirəm – paytaxt meri Kaxa Kaladze baş nazir İrakli Kobaxidzenin yerli özünüidarəetmə seçkilərində Kaxa Kaladzenin alternativsiz namizəd olması ilə bağlı qiymətləndirməsinə belə münasibət bildirib.

O, Tbilisi merliyinə kimin namizəd olacağı ilə bağlı qərarı “Gürcü Arzusu”nun siyasi şurasının verəcəyini deyib.

“İlk növbədə, baş nazirə müsbət qiymətləndirmə üçün təşəkkür edirəm. Paytaxtda son illərdə həyata keçirilən işlər yalnız mənim xidmətim deyil. Bu bütün komandanın xidmətidir. Bu layihələrin həyata keçirilməsində iştirak edən hər bir insana təşəkkür edirəm. Dəstəyə görə baş nazirə təşəkkür edirəm. Merliyə namizədə gəlincə, bununla əlaqədar daha sonra bəyanat verəcəyik. Siyasi şura toplanacaq və həm merliyə namizədlər, həm də kimlərin sakrebuloda nümayəndələrimiz olacağı barədə birlikdə qərar qəbul edəcəyik” – paytaxtın meri qeyd edib.

O bildirib ki, yerli özünüidarəetmə seçkilərində müxalifət gürcü xalqının dəstəyini qazana bilməyəcək və məğlubiyyətə məhkum olduqlarını bilirlər.

“Fərq etməz, müxalifət birləşəcək, dağılacaq və ya müxtəlif platformalarda olacaq, onların heç bir şansı yoxdur. Radikal olduqda, ölkənin düşməni olduqda və başqa ölkədən idarə olunduqda, adi bir satqınsan, aydındır ki, gürcü xalqından heç bir dəstək görməyəcəksən. Onlar bunu çox yaxşı başa düşürlər və məğlubiyyətə məhkum olduqlarını bilirlər. Buna görə də iştirak etmək istəmirlər” – Kaxa Kaladze bildirib.