Kaxa Kaladze – Marko Rubionun açıqlaması təsdiqləyir ki, Gürcüstana USAID vasitəsilə daxil olan vəsaitlər çoxlu suallar doğurur
Gürcüstana daxil olan vəsaitlərin yalnız kiçik bir hissəsi müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilirdi, əslində isə bu pullar siyasətə, ölkənin daxili proseslərinin idarə olunmasına və aqressiv qrupların təşviqinə sərf edilirdi. Bunu paytaxtın meri Kaxa Kaladze ABŞ dövlət katibi Marko Rubionun USAID-in ləğvi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Kaxa Kaladzenin mediaya verdiyi açıqlamaya görə, Marko Rubionun bəyanatı Gürcüstana USAID vasitəsilə daxil olan vəsaitlərin ciddi suallar doğurduğunu göstərir.
“Ümumiyyətlə sual qoymağa da ehtiyac yoxdur – Gürcüstana müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə daxil olan bu vəsaitlərin şəffaf olub-olmaması artıq hamıya aydındır. Bu gün hamı bilir ki, həmin pullar nəyə xərclənirdi. Kiçik bir hissə müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilir və bu şəkildə pərdələnirdi. Əslində isə bu vəsaitlər siyasətə, ölkənin daxili proseslərinin idarə olunmasına, aqressiv qrupların təşviqinə, qütbləşmənin qızışdırılmasına və cəmiyyətin parçalanmasının maliyyələşdirilməsinə sərf edilirdi. Məhz buna görə biz şəffaflığın vacibliyindən danışırdıq ki, həm dövlət, həm də cəmiyyət ölkəmizə müxtəlif təşkilatlar vasitəsilə daxil olan vəsaitlərin hansı istiqamətdə xərcləndiyini bilsin. Rubionun bəyanatı da bunu göstərir ki, konkret olaraq bu halda USAID vasitəsilə daxil olan vəsaitlər çoxlu suallar yaradır”, – deyə Kaxa Kaladze bildirib.