Kaxa Kaladze – “Marcanişvili” metro stansiyasının yaxınlığında ticarətlə məşğul olan insanların taleyinə biganə qalmırıq, onların öz fəaliyyətlərini ticarət məkanlarında davam etdirmək imkanı olacaq

19:27, 29.10.2026

 

“Marcanişvili” metro stansiyasının yaxınlığındakı ərazidə ticarətlə məşğul olan insanların öz fəaliyyətlərini ticarət məkanlarında davam etdirmək imkanı olacaq.

Küçə ticarətinin qarşısının alınması və icazəsiz konstruksiyaların yığışdırılması faktı barədə Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında danışıb.

“Bildiyiniz kimi, küçə ticarəti qadağandır, üstəlik bu cür nizamsız ticarət çox sayda insanın hərəkət etdiyi metro stansiyalarının yaxınlığında baş verdikdə. Əhalidən “Marcanişvili” metrosunun girişindəki ərazini sahmana salmağımızla bağlı çox sayda xahiş, məktub və zəng daxil olmuşdu, çünki vətəndaşlar maneəsiz hərəkət edə bilmirdilər, antisanitariyanı və tarixi ərazidə şəhərin görkəminin korlanmasını hələ demirəm” – Tbilisinin meri bildirib.

O, paytaxtın meriyasının yaxın gələcəkdə həyata keçirilməli olan “Marcanişvili” meydanının reabilitasiyasını planlaşdırdığını deyib.

Ticarətlə məşğul olanlara gəlincə, merin bəyanatına əsasən, onlara dəfələrlə xəbərdarlıq edilib, lakin nəticəsi olmayıb.

“Buradaca deməliyəm ki, bu insanların taleyinə biganə qalmırıq və onların vəziyyətini çox yaxşı anlayırıq. Təsadüfi deyil ki, bu gün dəstəyə ən çox ehtiyacı olan insanlara kömək etmək üçün paytaxt bələdiyyəsinin səhiyyə, sosial və ya iqtisadi istiqamətdə çoxlu proqramları var. Həmçinin “Marcanişvili” metro stansiyasının yaxınlığındakı ərazidə fəaliyyət göstərən insanları da anlayıram. İnanın ki, heç kim onların ailələrinin gəlirsiz qalmasını istəmir. Müvafiq olaraq, qabaqlayıcı tədbirlərlə paralel olaraq, biz bu insanların öz fəaliyyətlərini həyata keçirə biləcəkləri ticarət məkanlarının axtarışına başlamışdıq. Artıq belə ticarət yerləri tapılıb – “Kalakis Quli’ və “Tergi”. “Marcanişvili” metrosunun yanındakı ticarətçilər öz fəaliyyətlərini bu ticarət məkanlarında davam etdirə bilərlər” – Kaxa Kaladze bildirib.

Paytaxtın meri Çuğureti rayonunun icra başçısı Davit Makatsariaya bu insanlarla bir daha görüşməyi və Tbilisi Meriyasının onlara nə təklif etdiyini ətraflı şəkildə izah etməyi tapşırıb.

Bununla yanaşı, Tbilisi hökumətinin iclasında Kaxa Kaladze öz vəzifələrini vicdanla yerinə yetirən Bələdiyyə Müfəttişliyinin əməkdaşlarına təşəkkür edib.

“Bir çox müqavimətə və tamamilə haqsız təhqir-söyüşlərə baxmayaraq, şəhərimizin sahmanlı olması və tbilisililərin mənafeyinin qorunması üçün öz vəzifələrini vicdanla yerinə yetirən və qanunu icra edən Tbilisi Bələdiyyə Müfəttişliyinin əməkdaşlarının zəhmətini vurğulamaq istəyirəm. Tbilisinin keşiyində dayandığınız üçün təşəkkür edirəm” – Kaxa Kaladze qeyd edib.

Oxşar