Kaxa Kaladze Leğvtaxevidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri ilə tanış olub
Paytaxtın meri Kaxa Kaladze Leğvtaxevidə güclü yağış nəticəsində dəymiş zərərin nəticələrinin aradan qaldırılması işləri ilə tanış olub.
Tbilisi Meriyasının mətbuat xidmətinin məlumatına əsasən, ərazi güclü yağışın qırdığı budaqlardan və müxtəlif növ töküntü materiallarından təmizlənir.
Prosesə meriyanın bütün müvafiq xidmətləri, o cümlədən MMC “Tbilservice Group” və “Ekoservice Group”un əməkdaşları cəlb olunub.
“Leğvtaxevidə təmizləmə işləri görülür. İki gün əvvəl yağan güclü yağış paytaxtın bəzi rayonlarında və məhəllələrində müəyyən problemlər yaratdı. Leğvtaxevi də bu cür məkanlardan biri idi. Çay daşaraq mövcud infrastruktura ziyan vurub, hazırda bərpa və ərazinin təmizlənməsi işləri aparılır. Məhəccərlər də zədələnib. Hər şeyi bərpa etmək üçün bizə bir neçə gün lazım gələcək. Problemin qeydə alındığı və zəng daxil olduğu bütün ünvanlara bütün xidmətlərimiz səfərbər olunmuşdu. Baş çəkmədiyimiz tək bir yer belə qalmayıb. Hər kəsə kömək edəcəyik, dəstək olacağıq və hər şey qaydasına düşəcək” – Kaxa Kaladze bildirib.
Tbilisi Meriyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, “Tbilservice Group”un mobil qrupları güclü yağış səbəbindən hərəkətin çətinləşdiyi və ya təhlükə yarandığı nöqtələrdə lokal olaraq bölüşdürülüb.
“Təbii fəlakətin fəsadlarının aradan qaldırılması prosesinə həm xüsusi texnika, həm də canlı qüvvə tam cəlb olunub. Paralel olaraq, güclü yağış nəticəsində müxtəlif tullantılarla dolmuş yağış suları şəbəkələri və quyular təmizlənib, yolun hərəkət hissəsi isə gətirilmiş torpaq və palçıqdan təmizlənib. Gözlənilən hava proqnozu nəzərə alınaraq, prosesin monitorinqi fasiləsiz rejimdə davam etdirilir.
“Tbilservice Group”un müvafiq bölmələri istənilən çağırışa və ya mümkün vəziyyətə operativ reaksiya vermək üçün tam hazır vəziyyətdə qalırlar” – Tbilisi Meriyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.