Kaxa Kaladze İsrailin Gürcüstandakı səfiri ilə görüşüb
Kaxa Kaladze İsrailin Gürcüstandakı səfiri ilə görüşüb

 

Tbilisinin meri Kaxa Kaladze İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Valid Abu Haia ilə görüşüb. Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

Onların məlumatında Tbilisi Meriyasında keçirilən tanışlıq məqsədli görüşdə Gürcüstan və İsrail arasında mövcud müsbət münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərinə toxunulduğu deyilir. Paytaxtın meri qeyd olunan görüşün bu məsələyə əhəmiyyətli töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Dostluğumuz artıq 26 əsrə dayanır. İsrail Gürcüstan üçün çox əzizdir və əminəm ki, münasibətlərimizin dərinləşməsinə çox böyük töhfə verəcəksiniz. Sizə uğurlar arzulamaq istərdim. Münasibətlərə hazırıq. İstənilən mövzuda şəxsən mənə müraciət edə bilərsiniz” – Kaxa Kaladze bildirib.

Öz növbəsində İsrailin səfiri Valid Abu Haia Kaxa Kaladzeni üçüncü müddətə Tbilisinin meri seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğur arzulayıb.

“Seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. Vaxt ayırıb İsrailə rəsmi səfərlə gəlmənizi çox istəyirəm. Əminəm ki, Qüdsün, Təl-Əvivin və digər şəhərlərimizin merləri sizin səfərinizdən məmnun qalacaqlar. Tbilisini izlədikcə, mədəni və tarixi baxımdan onunla Qüds arasında çox böyük oxşarlıq görürəm. Şəhərlərimiz arasında münasibətlərin böyük potensialı var. Həmçinin, Təl-Əviv inkişaf etmiş, innovativ və yüksək texnologiyalı şəhərdir. Əminəm ki, əməkdaşlıq üçün çoxlu ortaq nöqtələr tapacağıq. Burada olmağıma çox şadam, çünki Tbilisidə özümü evimdəki kimi hiss edirəm” – İsrailin səfiri bildirib.

Görüşdə hər iki tərəf əməkdaşlığa və dostluğa tam hazır olduğunu bildirib.