Kaxa Kaladze - Gürcüstan hakimiyyəti ölkədə dövlət çevrilişinə imkan verməyəcək, bu cür hərəkətlər hər zaman məğlubiyyətə məhkum olacaq
Ölkədə sülhün, əmin-amanlığın qorunub saxlanması üçün hər şey ediləcək – bu barədə Tbilisinin meri Kaxa Kaladze “IRI Gürcüstan” təşkilatının proqramlar direktorunun hazırladığı və sentyabrda etiraz aksiyalarının keçirilməsini nəzərdə tutan Avropa İttifaqı tərəfindən Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasının dayandırılması halında həyata keçiriləcək fəaliyyət planı ilə bağlı deyib.
Onun qiymətləndirməsinə əsasən, hakimiyyət dəyişikliyi seçki yolu ilə baş verməlidir və inqilab təşkil edilməsi ilə əlaqədar bütün cəhdlər məğlubiyyətə məhkumdur.
“Təəccüblənməməlisiniz, çünki bu, inqilab təşkil edilməsi ilə əlaqədar ilk cəhd deyil. Ölkə daxilində agentura şəklində olan radikallardan istifadə etməklə bu istək və cəhdlər indi də mövcuddur. Zənnimcə, bu tip cəhdlər davam edəcək, lakin Gürcüstanın hakimiyyəti, gürcü dövləti ölkədə dövlət çevrilişinə imkan verməyəcək; imkan verməyəcək ki, kimlərsə, xaricdən idarə olunan qruplaşmalar qan töksün və xalqı qarşı-qarşıya qoysun. Bu baş verməyəcək. Bütün dövlət institutlarının üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi üçün hər şey ediləcək.
Aydındır ki, hamı hakimiyyətin tərəfdarı ola bilməz – kiminsə xoşuna gəlmir, kimsə başqa cür düşünə bilər. Bunun üçün seçkilər var. Bu yalan yerə icad olunmayıb axı? Bu, adi, demokratik prosesdir. Hakimiyyəti dəyişmək istəyəndə, seçkilərdə əhalinin əksəriyyəti öz mövqeyini bildirməlidir, lakin azlıqdasansa və insanları qorxutmaqla, döyməklə nəsə qüvvə ilə vəziyyəti “sındırmaq” istəyəndə bu, ağlasığmazdır. Biz heç kimə bu imkanı verməyəcəyik. Ölkədə sülhün, əmin-amanlığın qorunub saxlanması üçün hər şey ediləcək. Kənardan müdaxilə edənin, qarışanın kim olmasından asılı olmayaraq, illər əvvəl olduğu kimi – biz inqilab təşkil edilməsi ilə əlaqədar bir neçə cəhdi xatırlayırıq, bir daha təkrar edirəm: bu cür hərəkətlər hər zaman məğlubiyyətə məhkum olacaq” – Kaxa Kaladze bildirib.