Kaxa Kaladze: Dövlət tərəfindən sosial yardıma ehtiyacı olan şəxslər bu yardımı alacaqlar

15:00, 09.07.2026

“Dövlət tərəfindən sosial yardım almaq hüququ olmayan ailələrdən və ayrı-ayrı şəxslərdən bu yardım dayandırılır. Yardım almaq hüququ olan və buna ehtiyacı olan şəxslər isə yardımla təmin ediləcək”. Bu barədə Tbilisi meri Kaxa Kaladze sosial yardım alanların sayının azalması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə yaranmış ağır iqtisadi vəziyyət səbəbindən insanlara dəstək olmaq məqsədilə qəbul edilmiş qərarlara yenidən baxılır.

“Bu məsələ ilə bağlı dəfələrlə müvafiq izahat verilib. Söhbət ondan gedir ki, pandemiya dövründə kifayət qədər çətin vəziyyət yaranmışdı, bir çox insan işini və gəlir mənbəyini itirmişdi. Buna görə də həmin vaxt dövlət tərəfindən müəyyən sosial yardımların göstərilməsi ilə bağlı qərarlar qəbul edilmişdi. Bu gün isə vəziyyət köklü şəkildə fərqlidir, ölkədə iqtisadi şərait dəyişib və yenidən qiymətləndirmə aparılır. Dövlət tərəfindən yardım almaq hüququ olmayan ailələr və şəxslərdən bu yardım dayandırılır, hüququ olan və ehtiyacı davam edən şəxslər isə yardımı alacaqlar”, – deyə Kaxa Kaladze bildirib.

Bununla yanaşı, ölkədə yoxsulluğun aradan qaldırılması məsələsindən danışan Tbilisi meri qeyd edib ki, bu istiqamətdə hələ də çağırışlar qalır.

“Yoxsulluğun aradan qaldırılmasına gəldikdə, qarşıda duran problemlər hələ də var. Lakin irəliləyiş əldə etmişik, ölkə iqtisadi baxımdan inkişaf edir. Məhz buna görə hər gün çalışırıq ki, ölkədə yoxsulluq tamamilə aradan qaldırılsın”, – deyə paytaxt meri qeyd edib.

Oxşar