Kaxa Kaladze – 4 oktyabr bizim paytaxtımız üçün daha bir mühüm tarixdir, başlayıb qoyduğumuz layihələrin davam etməsi üçün
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi merliyinə namizəd olan paytaxt meri Kaxa Kaladze Nadzaladevi rayonunun sakinləri ilə görüşüb və onları bələdiyyə məclisinin majoritar namizədlərinin dəstəyinə çağırıb. Çıxışı zamanı Kaladze diqqəti paytaxtda planlaşdırılmış layihələrə yönəldib və hakim komandaya dəstəyə görə təşəkkür edib.
“Hamımız ölkəmizin müstəqilliyini, suverenliyini qorumaq üçün mübarizə aparırıq. Bu mübarizədə, təbii ki, hər birimizin rolu vacibdir. Hamımız razıyıq ki, sülh olmadan ölkənin inkişafı təsəvvür olunmazdır. Biz sülh uğrunda mübarizə aparmasaydıq, şəhərdə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışa bilməzdik. Baxmayaraq ki, çoxlu hücumlar, böhtanlar, təhqirlər, hədələr oldu və bu gün də davam edir, biz möhkəm mövqedəyik və hər şeydən öncə ölkəmizin və xalqımızın maraqlarını qoruyuruq. Başqa cür ola da bilməz. Biz, əlbəttə ki, kənardan kiminsə bizə göstəriş verməsinə və düşmən xarakterli tapşırıqlarını yerinə yetirməyimizə razı olmayacağıq, çünki dost sənə deməz ki, öz ölkəndə müharibə başlat”, – deyə Kaladze bildirib.
Paytaxt merinin sözlərinə görə, “Gürcü Arzusu” seçicilərinin dəstəyi və həmrəyliyi xüsusi əhəmiyyət daşıyır:
“Mən xoşbəxt insanam ki, mənə gözəl paytaxtımıza xidmət etmək, sizə – tbilislilərə xidmət etmək şansı verildi. Bu dəstəyə və həmrəyliyə görə təşəkkür edirəm. Mən bu mübarizədə tək deyiləm, arxamda ‘Gürcü Arzusu’ adlanan çox böyük bir komanda dayanır. Əlbəttə, bu sizin zəhmətinizin nəticəsidir, çünki biz hamımız ölkəmizin sıravi əsgərləriyik. 4 oktyabr ölkəmiz, paytaxtımız üçün daha bir mühüm tarixdir, başladığımız layihələrin – skverlərin, parkların, qəzalı binaların əvəz olunmasının və digər istiqamətlərin davam etməsi üçün. Heç kimi problemlərlə üz-üzə qoymayacağıq, hər kəsə imkanımız daxilində kömək edəcəyik. Ən vacibi isə ölkədə uzunmüddətli sülhün olmasıdır, çünki sülh ölkənin inkişafını, inkişaf isə hər bir ailədə rifahı gətirir”, – deyə Kaxa Kaladze vurğulayıb.
Tbilisi meri Nadzaladevi rayonunun majoritar namizədlərinə uğurlar və qələbə arzulayıb.
Görüşdə Tbilisi seçki qərargahının rəhbəri Levan Maçavariani və Nadzaladevi rayonunun majoritar namizədləri iştirak ediblər.
Məlumatı “Gürcü Arzusu”nun mətbuat xidməti yayıb.