Kaja Kallas Venesiya Biennalesinə Rusiyanın geri qaytarılmasını “əxlaqsız” adlandırıb və bu səbəbdən maliyyələşdirmənin azaldılmasının nəzərdən keçirildiyini bildirib
Kaja Kallas Venesiya Biennalesinə Rusiyanın geri qaytarılmasını “əxlaqsız” adlandırıb və bu səbəbdən maliyyələşdirmənin azaldılmasının nəzərdən keçirildiyini bildirib

Avropa İttifaqı Venesiya Biennalesinin maliyyələşdirilməsini azaltmağı nəzərdən keçirir. Səbəb isə sərgidə Rusiyanın yenidən iştirakına icazə verilməsi ilə bağlı qərardır. Bu barədə Kaja Kallas Lüksemburqda jurnalistlərə açıqlamasında bildirib.

Qərar, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından sonra sərgidən kənarlaşdırılan rus rəssamların yenidən iştirakına icazə verilməsi fonunda qəbul olunub.

2026-cı il Biennalesi 9 maydan 22 noyabradək davam edəcək və burada Rusiya pavilyonunun da yer alacağı bildirilir.

Kallasın sözlərinə görə, “Rusiya muzeyləri bombalayır, kilsələri məhv edir və Ukrayna mədəniyyətini silməyə çalışır. Ona öz mədəniyyətini nümayiş etdirmək imkanı verilməməlidir. Rusiyanın Venesiya Biennalesinə qayıdışı mənəvi baxımdan səhvdir və Aİ maliyyələşdirmənin azaldılmasını planlaşdırır.”

Məlumata görə, Venesiya Biennalesi üç il ərzində Aİ-dən təxminən 2 milyon avro almalı idi. Kallas məhz bu vəsaitlərin azaldılmasına işarə edib, lakin yeni məbləğin nə olacağı hələ açıqlanmayıb.

Biennale təşkilatçıları isə Rusiyanın geri dönüşündə problem görmədiklərini və tədbirin dialoq məkanı olaraq qaldığını, incəsənətin siyasətdən ayrılmalı olduğunu bildiriblər.