Kaja Kallas: “İranla aparılan danışıqlar yalnız nüvə məsələsini əhatə edərsə və raket proqramı, marionet qruplaşmalara dəstək və Avropada kiber fəaliyyətlər müzakirə olunmazsa, daha təhlükəli İran əldə edəcəyik
Kiprda Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti davam edir. Bu gün onlara Fars körfəzi ölkələrinin nümayəndələri də qoşulacaq və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. Sammitdə formal qərarların qəbul edilməsi nəzərdə tutulmur.
Görüşün başlamasından əvvəl Avropa İttifaqının yüksək nümayəndəsi Kaja Kallas media ilə danışaraq İranın nüvə proqramı ətrafında aparılan danışıqlara diqqət çəkib.
Kallasın sözlərinə görə, Aİ narahatdır ki, danışıqlar yalnız nüvə məsələsini əhatə edir, lakin raket proqramı, İranın proksi qruplaşmalara dəstəyi və Avropadakı kiber fəaliyyətlər müzakirə olunmur.
“Biz narahatıq, çünki İranla aparılan danışıqlar yalnız nüvə məsələsini əhatə edir. Raket proqramı da müzakirə olunmalıdır, həmçinin İranın proksi qruplaşmalara dəstəyi. Hörmüz boğazı heç bir rüsum olmadan açıq olmalıdır və bunun üçün səy göstərməliyik. Aydındır ki, bunun ikinci tərəfini də görməliyik. Əgər danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşırsa və masada nüvə ekspertləri yoxdursa, biz Barak Obamanın nüvə sazişindən daha zəif bir razılaşma əldə edəcəyik. Regiondakı problemlər – raket proqramları, proksi qruplaşmalara dəstək, Avropadakı hibrid və kiber fəaliyyətlər – tənzimlənmədən qalacaq. Nəticədə daha təhlükəli İran əldə edəcəyik”, – deyə Kaja Kallas bildirib.
Xatırladaq ki, bu sammitdə dünən Aİ Ukrayna üçün 90 milyard avroluq kredit və Rusiyaya qarşı sanksiyaların 20-ci paketini formal olaraq təsdiqləyib. Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.