Kaja Kallas hesab edir ki, hərbi texnika olmadan keçirilən parad Rusiyanın real vəziyyətini göstərir
Kaja Kallas bildirib ki, Moskvada 9 may tarixində keçiriləcək paradın hərbi texnika olmadan təşkili Rusiyanın Ukraynada davam edən müharibə fonunda real vəziyyətini əks etdirir.
Mediaya görə, bu barədə Kallas Nordic-Baltik səkkizliyinin xarici işlər nazirləri ilə görüşdə danışıb.
“Uzun illərdən sonra ilk dəfə olaraq Qələbə Günü paradı Moskvada ağır hərbi texnika olmadan keçiriləcək. Bu, bir çox məqamdan, o cümlədən müharibə dövründə Rusiyanın vəziyyətindən xəbər verir”, – deyə o bildirib.
Kallasın sözlərinə görə, döyüş meydanından əldə olunan dəqiq statistika Rusiyanın rekord sayda hərbçi itirdiyini göstərir.
Avropa İttifaqının ali diplomatı həmçinin qeyd edib ki, Rusiya öz hərbi məqsədlərinə nail ola bilmir və bu, getdikcə daha aydın görünür.
Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, 9 may paradı “mövcud vəziyyət” səbəbindən hərbi texnika olmadan keçiriləcək.
Hazırkı məlumata görə, paradda yalnız aviasiya iştirak edəcək və Qızıl Meydan üzərindən pilotaj aviasiya qruplarının təyyarələri uçuş edəcək. Paradın sonunda isə hücumçu Su-25 təyyarələrinin pilotları Moskva səmasında Rusiya bayrağının rənglərini təsvir edəcəklər.
Qeyd edək ki, Robert Ficonun da Moskvaya səfər etməsi planlaşdırılır.