Kaja Kallas BMT-də ABŞ nümayəndəsi Mike Waltz-ın bəyanatına cavab verib
Kaja Kallas BMT-də ABŞ nümayəndəsi Mike Waltz-ın bəyanatına cavab verib

Avropa İttifaqının ali nümayəndəsi bildirib ki, beynəlxalq nizamın islahı müsbət haldır, lakin beynəlxalq təşkilatlar dövlətlərin bərabərliyi prinsipi əsasında fəaliyyət göstərməlidir.

Kallas bu barədə Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı danışıb.

“Sizi dinləyirəm və düşünürəm: beynəlxalq nizamı islah etmək istəməyiniz çox yaxşıdır, lakin bizim üçün, yerdə qalan əksəriyyət üçün vacib olan odur ki, çoxtərəfli sistemdə dövlətlərin bərabərliyi qorunsun. Əgər islahat aparırıqsa, mütləq bu gün mövcud olan dünyanı nəzərə almalıyıq – elə bir dünya ki, bütün dövlətlər bərabərdir və heç kim qanundan üstün deyil. Məhz buna görə mən hesabatlılıqdan danışıram. Əgər razılaşdırılmış qaydalarımız varsa, o zaman həmin qaydaları pozan, hətta ən güclü ölkələr belə məsuliyyətə cəlb olunmalıdır”, – deyə Kallas bildirib.

Xatırladaq ki, Mayk Uolts Münhen konfransındakı çıxışında qeyd etmişdi ki, Donald Trump dünyanı qlobal böhran dövründən çıxarır.

“Əgər diqqəti faktlara və nəticələrə yönəltsək və son 80 ildə baş verməmiş multilateralizmin islahatını həyata keçirsək, dünya bunu alqışlamalıdır”, – deyə Uolts vurğulamışdı.