Kaia Kalas - Ukraynada müharibənin həqiqətən başa çatması üçün Rusiyanın ordusu və hərbi büdcəsi azaldılmalıdır
Ukraynada müharibənin həqiqətən başa çatması üçün Rusiyanın ordusu və hərbi büdcəsi azaldılmalıdır – bu haqda xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas xarici işlər nazirlərinin onlayn görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Bununla yanaşı, Kaia Kalas müharibəni bitirmək üçün ilk addımın dərhal və qeyd-şərtsiz atəşkəs olması lazım olduğunu bildirib.
“Müharibəni bitirmək üçün ilk addım dərhal və qeyd-şərtsiz atəşkəs olmalıdır. Lakin, hazırda Rusiyanın atəşkəsə hazır olduğuna dair heç bir əlamət görmürük. Rusiya geri baxmır, əksinə hərbi maşınını gücləndirir. Rusiyanın guya danışıqlar apardığını iddia etdiyi vəziyyətdən danışıqlara ehtiyac duyduqları vəziyyətə keçməliyik” – Kalas qeyd edib.
Həmçinin, Kalas Ukraynanın uduzması fikrini səhv adlandırıb.
“Ukraynanın uduzması fikri də tamamilə yanlışdır. Rusiya Ukraynanı hərbi yolla işğal edə bilsəydi, artıq bunu etmiş olardı. Putin döyüş meydanında məqsədlərinə çata bilmir, ona görə də danışıqlar yolu ilə onlara nail olmağa çalışacaq. Ukrayna və Avropa üçün ən yaxşı nəticəni təmin etmək üçün biz kursu qoruyub saxlamalıyıq, lakin tempi sürətləndirməliyik. Bu, Rusiyanın əlindən döyüş vasitələrini alacaq daha çox sanksiya və Ukraynaya daha çox hərbi və maliyyə dəstəyi deməkdir” – Avropa İttifaqının ali nümayəndəsi bildirib.