Kaia Kalas sabiq həmkarı Federika Moqeriniyə qarşı irəli sürülmüş ittihama görə "dərin şoka düşüb"
Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas sabiq həmkarına qarşı irəli sürülmüş ittihama görə “dərin şoka düşüb”. Bu haqda “Politico”nun yazdığı Kaia Kalasın məktubunda qeyd olunub.
Kalas əməkdaşlara göndərilmiş məktubda bildirir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin sabiq rəhbəri Federika Moqerini və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Saninoya qarşı irəli sürülmüş ittihamlara görə “dərin şoka düşüb” .
“Politico” yazır ki, Kalas məktubda komandasının Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində tətbiq etdiyi antikorrupsiya tədbirlərindən danışır.
“Sizi əmin etmək istəyirəm ki, mənim rəhbərliyim altında dürüstlük və hesabatlılıq yalnız yaxşılaşacaq, cari proses isə göstərir ki, profilaktik tədbirlər işə yarayır” – Kalas bildirir.
Bununla yanaşı, Kalas məktubda bildirir ki, dekabrın 4-də əməkdaşlarla görüşəcək və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin sabiq rəhbər şəxsləri ətrafında korrupsiya qalmaqalı ilə bağlı sualları cavablandıracaq.
Məlumat üçün bildirək ki, Belçika polisi dekabrın 2-də Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində və Brüggedə yerləşən “Avropa Kolleci”ndə axtarış aparıb. İş tenderlər ətrafında fırıldaqçılıqla bağlı istintaqa aiddir.
Avropa İttifaqının xarici siyasət idarəsinin sabiq rəhbəri Federika Moqerini dekabrın 3-də bu iş üzrə saxlanılıb. Ona qarşı ittiham irəli sürülüb, bundan sonra da polis binasını tərk edib. İstintaq Moqerininin qaçma təhlükəsinin olmadığını hesab edib.