Kaia Kalas İrana qarşı əlavə sanksiyalar tətbiq edilməsi təşəbbüsü ilə çıxış edir - "Rejimin etiraz aksiyalarını yatırmaq tarixi var, təhlükəsizlik qüvvələri tərəfindən sərt yanaşmanın şahidi oluruq"
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas İrana qarşı əlavə sanksiyalar tətbiq edilməsi təşəbbüsü ilə çıxış edir.
“Avropa İttifaqı İrana qarşı güclü sanksiyalar artıq tətbiq edib – insan hüquqlarının pozulmasına, nüvə silahının yayılmasına və Tehran tərəfindən Rusiyanın Ukraynada müharibəsinə dəstəyə görə məsuliyyət daşıyanlara qarşı. İran rejimi tərəfindən nümayişçilərə qarşı zorakı repressiyalara cavab olaraq əlavə sanksiyalar təklifi ilə çıxış etməyə hazıram” – Kalas bildirib.
Kalas bu bəyanatı, insan hüquqlarının müdafiəçilərinin dekabrın 28-dən bəri İranda davam edən aksiyalar zamanı yüzlərlə nümayişçinin qətlə yetirildiyinə dair məlumatlar yayması fonunda verib.
“Rejimin etiraz aksiyalarını yatırmaq tarixi var və təhlükəsizlik qüvvələri tərəfindən sərt yanaşmanın şahidi oluruq. Vətəndaşlar özlərinin seçəcəyi gələcək uğrunda mübarizə aparırlar və səslərini eşitdirmək üçün hər şeyi ilə riskə gedirlər” – Kalas qeyd edib.