Kaia Kalas – Gürcüstan hökuməti hazırda demokratik geriləmə baxımından Avropa İttifaqı ilə qarşıdurma yolundadır, xarici işlər nazirləri ilə yanvarda bu məsələnin daha ətraflı müzakirəsi olacaq
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Marta Kos Avropa Parlamentində 2026-cı ilin Genişlənmə Paketini təqdim edərkən Gürcüstanla bağlı verilən sualları cavablandırıblar.
Kalasın sözlərinə əsasən, xarici işlər nazirləri ilə yanvarda Gürcüstanla bağlı daha ətraflı müzakirə olacaq.
“Üzvlük prosesi dayandırılıb. Hər ikimizin giriş nitqində dediyi kimi, biz gürcü xalqını və onların seçimini dəstəkləyirik. Yanvarda xarici işlər nazirləri ilə Gürcüstanla bağlı, xalqı və onların Avropa İttifaqına üzvlük səyini necə dəstəkləyəcəyimiz barədə daha ətraflı müzakirəmiz olacaq.
Gürcüstan hökuməti hazırda demokratik geriləmə baxımından Avropa İttifaqı ilə qarşıdurma yolundadır. Bu çox, çox aydındır. Atılan addımların doğru istiqamətdə getmədiyini demək istəyirəm. İndi, bu mərhələdə hər hansı bir reaksiya verilməsini müzakirə edirikmi? Bunu demək üçün hələ tezdir. Dediyim kimi, yanvarda Gürcüstan məsələsini daha dərindən müzakirə edəcəyik. Fərqli baxışlar mövcuddur. Bizim üçün ən mühümü elə cavab verməkdir ki, aydın şəkildə bildirək – biz gürcü xalqını və onların səylərini dəstəkləyirik və həqiqətən Avropa İttifaqının bir hissəsi olmaq istəyən gürcü xalqına arxa çevirmirik. Lakin, eyni zamanda, hökumətə bu cür siyasəti dəstəkləmədiyimizə dair aydın mesajlar çatdıraq” – Kalas açıqlayıb.
Bununla yanaşı, Genişlənmə Məsələləri üzrə Avropa komissarı Marta Kos qeyd edib ki, Gürcüstan hakimiyyəti kursunu dəyişməli və demokratiyaya qayıtmalı olacaq, sonra isə üzvlük prosesini bərpa etmək mümkün olacaq.
“Avropa İttifaqının qapısı Gürcüstan üçün açıq qalır, lakin Gürcüstan hakimiyyəti kursunu dəyişməli və demokratiyaya, qanunun aliliyinə və fundamental hüquqlara hörmət prinsipinə qayıtmalı olacaq, sonra isə üzvlük prosesini bərpa etmək mümkün olacaq. Biz dərk edirik və bu bizə ümid verir ki, gürcülərin mütləq əksəriyyəti Avropa gələcəyini istəyir və biz Gürcüstanın yenidən bu yolda olmasını istəyirik” – Marta Kos qeyd edib.