Kaia Kalas - Avropa İttifaqı yaxın vaxtlarda Rusiya və İranla əməkdaşlıq edən inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsini məhdudlaşdıra bilər
Avropa İttifaqı yaxın vaxtlarda Rusiya və İranla əməkdaşlıq edən inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsini məhdudlaşdıra bilər. Bu haqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas bildirib.
Kalasın sözlərinə əsasən, Avropa İttifaqı inkişaf etməkdə olan ölkələrə yardımın paylanması üçün yeni siyasət işləyib hazırlamalı və “öz maraqlarını da nəzərə almalıdır”.
“Əgər tərəfdaş Rusiya və ya İranı dəstəkləyirsə, əməkdaşlığımızı nəzərdən keçirmək üçün çeviklik lazımdır” – Kalas bildirib.
Onun sözlərinə əsasən, söhbət dəstəyi tamamilə kəsməkdən getmir.
Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri bu bəyanatı Avropa İttifaqının büdcəsi təxminən 300 milyard avro olan yeni investisiya strategiyası – “Global Gateway”ə hazırlıq fonunda verib. Proqram inkişaf etməkdə olan ölkələrdə infrastruktur, yaşıl enerji və rəqəmsal texnologiyaların maliyyələşdirilməsini nəzərdə tutur. Bundan əvvəl beynəlxalq tərəfdaşlıq məsələləri üzrə Avropa komissarı İozef Sikela müasir siyasi şəraitdə investisiyaların “təsir aləti” olduğunu, buna görə də Avropa İttifaqının xarici siyasətinin “sensitiv” ola bilməyəcəyini demişdi. Sikela həmçinin xarici layihələr üçün maliyyələşdirməni paylayarkən Avropa şirkətlərinə üstünlük verilməsini dəstəkləyib.