Juanşer Burçuladze və Vasil Mxeidze yeni ittihamla bağlı prosessual saziş bağlayıblar
Gürcüstanın sabiq müdafiə naziri Juanşer Burçuladze və Vasil Mxeidze ilə yeni ittihamla bağlı prosessual saziş bağlanıb.
İş xüsusilə külli miqdarda rüşvətin qabaqcadan razılaşmış qrup tərəfindən alınması və rüşvət almağa kömək göstərilməsi ittihamlarını əhatə edir.
Juanşer Burçuladze Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “a” və “c” bəndləri, üçüncü hissəsinin “e” bəndi ilə təqsirli bilinib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın 3 ilini cəzaçəkmə müəssisəsində çəkəcək, 2 il isə eyni sınaq müddəti olmaqla şərti hesab olunacaq. Bundan əlavə, Burçuladze 1 milyon lari məbləğində cərimə edilib.
Vasil Mxeidze isə Cinayət Məcəlləsinin 25-ci maddəsi, 338-ci maddəsinin ikinci hissəsinin “a” və “c” bəndləri, üçüncü hissəsinin “e” bəndi ilə təqsirli bilinib. Ona 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın 1 il 2 ayını cəzaçəkmə müəssisəsində çəkəcək, 3 il isə eyni sınaq müddəti olmaqla şərti hesab olunacaq. Mxeidze həmçinin 100 min lari məbləğində cərimə edilib.
Bununla yanaşı, Juanşer Burçuladze artıq vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamları üzrə məhkum edilib. Sabiq müdafiə nazirinə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Vasil Mxeidze isə külli miqdarda vəsaitin mənimsənilməsinə yardım göstərməkdə təqsirli bilinərək məhkum edilib və 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.