Cozef Borellinin mətbuat katibi - Avropa İttifaqı Gürcüstan hökumətini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini tamamilə yenidən nəzərdən keçirməyə çağırır
Cozef Borellinin mətbuat katibi - Avropa İttifaqı Gürcüstan hökumətini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini tamamilə yenidən nəzərdən keçirməyə çağırır

Avropa İttifaqı Gürcüstanın “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinin ikinci oxunuşunun tələsik qəbulunu pisləyir.

Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi tərəfindən yayılan Aİ-nin ali nümayəndəsi Cozef Borellinin mətbuat katibinin bəyanatında deyilir.

“Bu paket Gürcüstan əhalisinin fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinin damğalanmasının və ayrı-seçkiliyinin gücləndirilməsi təhlükəsi yaradır.

Avropa İttifaqı Avropa İttifaqı ilə inteqrasiya yolunda mühüm nəticələri olan qanunvericiliyin müvafiq ictimai məsləhətləşmələr aparılmadan, Avropa və beynəlxalq standartlara uyğunluğu hərtərəfli təhlil edilmədən qəbul edilməsindən narahatlığını bildirir.

Hər il Avropa Komissiyasının genişlənmə hesabatında qiymətləndirildiyi kimi, insan hüquqlarının təmin edilməsi və qorunması Aİ-nin genişlənmə prosesinin əsasını təşkil edir.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qanunvericilik paketinə tamamilə yenidən baxmağa çağırır. Belə bir layihə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlərlə birlikdə Aİ-Gürcüstan münasibətlərini daha da gərginləşdirəcək.

Avropa İttifaqı Gürcüstanın üzvlük prosesinin faktiki olaraq dayandırıldığını xatırladır və hakimiyyəti Avropa İttifaqına inteqrasiya yoluna qayıtmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.