Çovelişvili küçəsindən Cavaxişvili küçəsinədək olan hissədə avtomobillərin hərəkəti bərpa edilib

11:35, 11.09.2026

Şota Rustaveli prospektinin reabilitasiyası çərçivəsində Tamar Çovelişvili küçəsindən Mixeil Cavaxişvili küçəsinədək olan hissədə avtomobillərin hərəkəti bərpa olunub.
Tbilisi meriyasının məlumatına görə, həmin ərazidə reabilitasiyanın birinci mərhələsi üzrə işlər həyata keçirilib və yeraltı kommunikasiyalar tamamilə yenilənib. Su təchizatı, kanalizasiya, qaz təchizatı və yağış sularının drenaj şəbəkələri dəyişdirilib. Həmçinin yeraltı kabel-kanallar quraşdırılıb, hava elektrik xətlərinin köçürülməsi üzrə işlər isə davam etdirilir.

“Hazırda əsas infrastruktur işləri səkilərdə aparılır. Yeni küçə işıqlandırma şəbəkəsi qurulur və işlər başa çatdıqdan sonra LED lampalar quraşdırılacaq. Piyadalar üçün nəzərdə tutulan ərazidə isə plitələr döşənəcək və bordürlər salınacaq.

Layihənin yekun mərhələsində yolun hərəkət hissəsinə asfaltın üst qatı çəkiləcək, müvafiq yol nişanlanması aparılacaq, işıqforlar quraşdırılacaq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Tədris prosesinin başlaması ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə artır. Buna görə də yolun vaxtında açılması xüsusilə vacib idi. Müvafiq olaraq, həmin ərazidə reabilitasiya prosesi sürətləndirilib. Bununla belə, layihə çərçivəsində nəzərdə tutulan işlər bundan sonra da aktiv rejimdə davam etdiriləcək”, – deyə Tbilisi meriyasının yaydığı məlumatda bildirilir.

Oxşar