Ceyhun Bayramov - Azərbaycanla Gürcüstan arasında əlaqələrin nəticəsinə nəzər salsaq, qeyd etmək istərdim ki, Azərbaycan şirkətləri Gürcüstanda bir nömrəli investorlardır
Ceyhun Bayramov - Azərbaycanla Gürcüstan arasında əlaqələrin nəticəsinə nəzər salsaq, qeyd etmək istərdim ki, Azərbaycan şirkətləri Gürcüstanda bir nömrəli investorlardır

 

Azərbaycanla Gürcüstan arasında əlaqələrin nəticəsinə nəzər salsaq, qeyd etmək istərdim ki, Azərbaycan şirkətləri Gürcüstanda bir nömrəli investorlardır – bu haqda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Azərbaycan və Gürcüstan tərəfindən birlikdə həyata keçirilmiş layihələr enerji və geoiqtisadi xəritəni dəyişir.

“Gürcüstanın Baş naziri sabah Bakıya səfər edəcək. Səfər çərçivəsində Azərbaycan və Gürcüstan hökumət komissiyalarının onuncu yubiley görüşü keçiriləcək. Həmçinin, parlamentlər arasındakı əlaqələrdən, liderlər arasında işgüzar və səmimi münasibətlərdən, dostluq qrupları arasında mühüm əməkdaşlıqdan danışmaq istərdim. Xarici İşlər Nazirlikləri olaraq biz hər zaman mütəmadi olaraq bir-birimizlə əlaqə saxlayırıq.

2024-cü ildə Gürcüstanda oldum və hər il Xarici İşlər Nazirlikləri arasında siyasi dialoq mexanizmi var, hər il görüşlər keçirilir və hesab edirik ki, bu və digər təmaslar kifayət qədər vacibdir. İki ölkə arasında əlaqələrin nəticələrinə nəzər salsaq, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Respublikası və Azərbaycan şirkətləri Gürcüstanda bir nömrəli investorlardır. Bu müddət ərzində Azərbaycan şirkətləri Gürcüstana 3,6 milyard dollar sərmayə qoyublar. İki ölkə arasında ticarət əlaqələrinə nəzər salsaq, 2024-cü ilin göstəricilərinə görə, dövriyyə bir milyarda çatıb. Bu, əlbəttə, bizim potensialımızı tam əks etdirmir, lakin hesab edirik ki, mövcud dinamika bizi qane edir və yaxın gələcəkdə daha da çox rəqəmlər haqqında danışacağıq.

Eyni zamanda, burada mühüm məqam ondan ibarətdir ki, bizim iqtisadi sahədə yaxşı münasibətlərimiz var. Ölkələrimizin iştirakı ilə regionda, bu coğrafi arealda qlobal layihələr həyata keçirmişik. Bunlar təkcə ölkələrimizin iqtisadiyyatının inkişafı və xalqımızın rifahı üçün edilmir, həm də enerji və geoiqtisadi xəritəni dəyişir. Həmçinin, flaqman layihələrimiz var, bunlar Bakı-Tbilisi-Ceyhandır. Mən Bakı-Tbilisi-Erzurum qaz layihəsini və uğurla həyata keçirilən Cənub Qaz Dəhlizini qeyd etmək istərdim. Biz 2024-cü ildə dəhlizin genişləndirilməsi ilə bağlı çox iş görmüşük. Bundan əlavə, Bakı-Tbilisi-Qars layihəsini də qeyd etmək lazımdır. Biz burada yükdaşıma qabiliyyətini 5 milyondan 10 milyona çatdırmışıq, bu baxımdan bu, mühüm layihədir. Qeyd etdiyim kimi, bu layihələr artıq ölkələrimiz və daha geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edən tarixi rola malikdir” – Bayramov qeyd edib.