Çexiyada ABŞ istehsalı olan hərbi helikopter qəzaya uğrayıb: bir nəfər ölüb, dörd nəfər yaralanıb
Çexiyada ABŞ istehsalı olan Bell UH-1Y Venom hərbi helikopteri qəzaya uğrayıb. Helikopterin göyərtəsində beş ekipaj üzvü olub. Onlardan biri həlak olub, dördü isə yaralanıb. Bu barədə Çexiya ordusu sosial şəbəkələrdə məlumat yayıb.
Qəza Namişt nad Oslavou şəhərində yerləşən 22-ci aviasiya bazasının ərazisində baş verib. Çexiya ordusunun açıqlamasında bildirilib ki, faciənin bütün hallarının hərtərəfli və qərəzsiz araşdırılması təmin ediləcək.
Bununla yanaşı, ölkənin silahlı qüvvələrində H-1 tipli bütün helikopterlərin istifadəsi müvəqqəti dayandırılacaq.
“Biz istintaq prosesinə hörmətlə yanaşırıq. Səlahiyyətli ekspertlərə hadisə ilə bağlı bütün detalları müəyyənləşdirmək imkanı verilməlidir. Buna görə də araşdırma başa çatana qədər əlavə məlumat açıqlamayacağıq və hadisənin mümkün səbəbləri barədə danışmayacağıq. Çexiya ordusu istintaqın gedişi və nəticələri barədə ictimaiyyəti şəffaf şəkildə və mümkün qədər qısa müddətdə məlumatlandıracaq”, – deyə açıqlamada qeyd olunub.