"Jan De Nul NV"nin Gürcüstan filialının direktoru - Anaklia limanı təkcə şirkətimiz üçün deyil, həm də Gürcüstan üçün olduqca mühüm layihədir
Limanın dəniz infrastrukturu işlərini həyata keçirən “Jan De Nul NV” konsorsiumunun nümayəndələrinin iştirakı ilə Anaklia dərin dəniz limanının dalğaqıran modelinin laboratoriya sınaq prosesi keçirilib – bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Nazirliyin məlumatına əsasən, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən tədbirdə “Jan De Nul NV”nin Gürcüstan filialının direktoru Tim Devolder iştirak edib. Onun qeyd etdiyi kimi, bu, təcrübəli və yüksək nüfuza malik DHI şirkətinin apardığı Anaklia layihəsinin inkişafının daha bir mühüm mərhələsidir.
“Biz real model nümunəsi əsasında gələcəkdə nəyi tikmək niyyətində olduğumuzu ətraflı müzakirə edəcəyik. DHI şirkəti real modellərin qurulmasında ixtisaslaşmışdır. Biz keyfiyyətə böyük önəm veririk. Anaklia limanı təkcə şirkətimiz üçün deyil, həm də birbaşa Gürcüstan üçün olduqca mühüm layihədir. Bu tip layihələr uzun istismar müddəti üçün nəzərdə tutulmuşdur və hər bir detal əsaslı düşünməni tələb edir. Məhz bu səbəbdən biz layihəyə müxtəlif mütəxəssisləri cəlb edirik” – “Jan De Nul NV”nin Gürcüstan filialının direktoru bildirib.
Şirkətin təşkilatçılığı ilə keçirilən dalğaqıran modelinin laboratoriya sınağı prosesində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Quram Quramişvili və MMC “Anaklia Dəniz Limanı”nın direktoru Zurab Sicinava iştirak ediblər. Həmçinin, tərəflər səfər zamanı dalğaqıranın konfiqurasiyası və tədqiqatın sonrakı mərhələsi üçün plan/qrafiklər barədə razılığa gəliblər.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.