İyulun 9-dan etibarən futbol üzrə dünya çempionatının oyunları Birinci Respublika Meydanında nümayiş etdiriləcək

12:40, 08.07.2026

İyulun 9-dan etibarən Birinci Respublika Meydanında futbol üzrə dünya çempionatının oyunlarının açıq nümayişi təşkil ediləcək.

Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında məlumat verib. Onun sözlərinə görə, Tbilisi meriyasının təşkilatçılığı və “Rustavi 2” televiziya kanalı ilə əməkdaşlıq çərçivəsində iyulun 9-dan 19-dək meydanda dünya çempionatının oyunları böyük ekranda yayımlanacaq.

Mer bildirib ki, ərazidə fan-zona da yaradılacaq. İyulun 9-da saat 21:00-dan etibarən azarkeşlər üçün oyunlardan əvvəl müxtəlif əyləncəli proqramlar təşkil ediləcək. Növbəti günlərdə isə tədbirlər hər oyunun başlanmasına dörd saat qalmış start götürəcək.

Kaxa Kaladzenin sözlərinə görə, 10 gün ərzində Birinci Respublika Meydanında Gürcüstan futbolunun əfsanələrinin iştirakı ilə açıq görüşlər və müzakirələr də keçiriləcək.

O bildirib ki, oyunların yayımlanmadığı günlərdə saat 19:00-dan etibarən ərazidə müxtəlif içki və qida məntəqələri, istirahət zonaları, Gürcüstan Futbol Federasiyasının fan-şopu, Gürcüstan Kibərfutbol Federasiyasının interaktiv zonası fəaliyyət göstərəcək.

Kiçik azarkeşlər üçün ayrılmış xüsusi məkanda hər gün uşaqlar üçün tematik əyləncələr, müsabiqələr təşkil olunacaq. Uşaqlar burada xatirə şəkilləri çəkdirə və üz boyama xidmətindən də yararlana biləcəklər.

Bundan əlavə, Gürcüstan Futbol Federasiyasının dəstəyi ilə 10 gün ərzində ölkə futbolunun tanınmış veteranları Birinci Respublika Meydanına gələrək dünya çempionatı və futbol mövzusunda azarkeşlərlə açıq söhbətlər aparacaqlar.

Kaxa Kaladze bütün futbolsevərləri tədbirə dəvət edərək bildirib ki, qarşıdakı günlərdə onları maraqlı idman bayramı gözləyir.

Oxşar