İtlərin həddindən artıq çoxalmasının idarə olunması proqramı çərçivəsində regionlarda sahibli itlər pulsuz sterilizasiya olunur və çiplənir
İtlərin həddindən artıq çoxalmasının idarə olunması proqramı çərçivəsində sahibli dişi itlər pulsuz sterilizasiya edilir, çiplənir və elektron bazada qeydiyyata alınır.
Bu barədə Gürcüstanın Qida Milli Agentliyinin yaydığı məlumatda bildirilib.
Tədbirlər tender yolu ilə seçilmiş özəl baytarlıq müəssisələri tərəfindən həyata keçirilir.
“Qeyd etmək lazımdır ki, baytarlıq prosedurları həm stasionar, həm də mobil klinikalarda, eləcə də sahə şəraitində aparılır. Qida Milli Agentliyinin baytar həkimləri prosesə daim nəzarət edir ki, prosedurlar bütün standartlara uyğun və steril şəraitdə həyata keçirilsin”, – deyə agentliyin məlumatında qeyd olunur.
Qida Milli Agentliyinin rəhbər müavini Aleksandre Zurabişvili regionlarda tədbirlərin gedişi ilə yerində tanış olub və bildirib ki, proses bütün regionları əhatə edir və səmərəli şəkildə davam edir.
“Bu tədbirlərin məqsədi heyvanların nəzarətsiz çoxalmasının qarşısını almaq, heyvan xəstəliklərinin yayılmasını azaltmaq, heyvanların rifahını yaxşılaşdırmaq və cəmiyyət üçün təhlükəsiz mühit yaratmaqdır”, – deyə Aleksandre Zurabişvili bildirib.
Qida Milli Agentliyindən bildirilib ki, proqramın daha geniş əlçatanlığını təmin etmək məqsədilə tədbirlərin keçirilmə qrafiki əvvəlcədən “Facebook” platformasında paylaşılır. Həmçinin heyvan sahibləri və maraqlanan şəxslər yerli bələdiyyələrə müraciət edə bilərlər.