İtaliyanın “Italfarmaco” şirkəti ilə Dyüşen əzələ distrofiyası olan pasiyentlər üçün nəzərdə tutulan “Givinostat” preparatının alınması ilə bağlı müqavilə imzalanıb
İtaliyanın “Italfarmaco” şirkəti ilə Dyüşen əzələ distrofiyası olan pasiyentlər üçün nəzərdə tutulan “Givinostat” preparatının alınması ilə bağlı müqavilə imzalanıb. Bu barədə Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarceladze brifinqdə bildirib.
Sarceladzenin sözlərinə görə, Gürcüstan dünyada bu preparatı əldə edən və xəstəliyin idarə olunması üzrə dövlət proqramına daxil edən ilk ölkələrdən biri olacaq.
“Dyüşen əzələ distrofiyasının müalicəsi üçün nəzərdə tutulan dərmanla bağlı məlumat vermək istəyirəm ki, bu gün İtaliyanın “Italfarmaco” şirkəti ilə danışıqlar uğurla başa çatıb və “Givinostat” preparatının alınması ilə bağlı müqavilə imzalanıb.
Bu dərman Dyüşen əzələ distrofiyası olan, 6 yaşdan etibarən hərəkət qabiliyyətini qoruyub saxlaya bilən pasiyentlər üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Gürcüstan dünyada bu preparatı əldə edən və onu xəstəliyin idarə olunması üzrə dövlət proqramına daxil edən ilk ölkələrdən biri olacaq.
Dövlətə düzgün qərar qəbul etməkdə kömək edən valideynlərə təşəkkür etmək istəyirəm. Dyüşen əzələ distrofiyasının effektiv idarə olunması prosesində valideynlərlə əməkdaşlığın davam etdirilməsi nazirlik üçün çox vacibdir.
Baş nazirə şəxsən onun qərarına və prosesdəki iştirakına görə təşəkkür edirəm. Məhz bu, prosesin uğurla aparılmasına və sona çatdırılmasına imkan verdi. Həmçinin Xarici İşlər Nazirliyinə xüsusi dəstəyinə görə təşəkkür edirəm. Səhiyyə Nazirliyinin danışıqlar prosesində iştirak edən komandasına da minnətdarlığımı bildirirəm.
İkinci preparata gəldikdə isə, qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı danışıqlar bir neçə istiqamətdə davam edir və ümid edirik ki, yaxın gələcəkdə uğurla başa çatacaq. Bununla bağlı ictimaiyyətə məlumat verəcəyik.
Yaxın günlərdə Dyüşen əzələ distrofiyası proqramının daha da genişləndirilməsi barədə məlumat təqdim edəcəyik”, – deyə Mixeil Sarceladze bildirib.