İtaliyada “Həmas”ın maliyyələşdirilməsində şübhəli bilinən doqquz nəfər saxlanılıb, saxlanılanlar arasında İtaliya Fələstinlilər Assosiasiyasının prezidenti də var
İtaliyada “Həmas”ın maliyyələşdirilməsində şübhəli bilinən doqquz nəfər saxlanılıb, saxlanılanlar arasında İtaliya Fələstinlilər Assosiasiyasının prezidenti də var

İtaliyada “Həmas” adlı qruplaşmanın maliyyələşdirilməsində şübhəli bilinən doqquz nəfər saxlanılıb. Bu barədə BBC agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, daha iki şübhəli hazırda xaricdədir və onların barəsində həbs orderi verilib.

Bütün şübhəlilər “Qəzza zolağında, Fələstin ərazilərində və ya İsraildə yerləşən, ‘Həmas’a məxsus, onun nəzarətində olan və ya bu qruplaşma ilə əlaqəli təşkilatların maliyyə baxımından dəstəklənməsi” ittihamı ilə üzləşirlər.

Ümumilikdə söhbət təxminən 7 milyon avro məbləğində maliyyələşdirmədən gedir.

Polisin bildirdiyinə görə, işdə rəsmi olaraq fələstinlilərə yardım göstərən, lakin ehtimal ki, gizli şəkildə “Həmas”ı maliyyələşdirən üç birlik iştirak edir.

İstintaqın versiyasına əsasən, bu təşkilatların fəaliyyətinin rəsmi məqsədi “fələstinli xalq üçün humanitar məqsədlərlə vəsait toplamaq” olsa da, əslində toplanan vəsaitin üçdə ikisindən çoxu birbaşa “Həmas”ın və ya onunla əlaqəli qrupların maliyyələşdirilməsinə xərclənib. Polisin məlumatına görə, vəsaitin bir hissəsi, ehtimal ki, terror aktlarında iştirak edən şəxslərin yaxınlarına da verilib.

Saxlanılanlar arasında İtaliya Fələstinlilər Assosiasiyasının prezidenti də var.