İtaliya Xarici İşlər Nazirliyində Gürcüstan və İtaliya xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
İtaliya Xarici İşlər Nazirliyində Gürcüstan və İtaliya xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

 

İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində Gürcüstan və İtaliya xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Məsləhətləşmələrə Gürcüstan tərəfdən xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili, İtaliya tərəfdən isə nazirin birinci müavini Edmondo Çirielli rəhbərlik edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə nazir müavinləri iki ölkənin gündəliyindəki mühüm məsələləri, Gürcüstan və İtaliya arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Müzakirə zamanı siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik və təhsil sahələrində mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə toxunulub.

“Tərəflər razılaşdılar ki, mövcud potensialın tam şəkildə reallaşdırılması üçün ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində daha çox səy göstərilməlidir.

Nazir müavinləri təhsil və mədəniyyət sahələrində məhsuldar əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Görüşdə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası və bu prosesdə ölkənin atdığı mühüm addımlara toxunulub. Nazir müavini Edmondo Çirielli bir daha İtaliya hökumətinin Gürcüstanın Avro-Atlantik inteqrasiyasına sarsılmaz dəstəyini təsdiqləyib.

Qiorqi Zurabaşvili italiyalı həmkarı ilə Gürcüstandakı cari vəziyyət və ölkənin üzləşdiyi çağırışlar barədə geniş danışıb” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Onların məlumatına əsasən, görüş zamanı həmçinin beynəlxalq gündəmə və qlobal çağırışlara da toxunulub.

Romaya səfəri çərçivəsində nazir müavini İtaliya Parlamentinin Xarici İşlər və Müdafiə, Avropa İttifaqı Siyasəti və Maliyyə Komitələrinin sədrləri ilə görüşlər keçirdi. Həmçinin, o, İtaliya Parlamentində Gürcüstan-İtaliya Dostluq Qrupunun rəhbəri ilə də görüşdü.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşlərdə iki ölkə arasında sıx əməkdaşlıq və gələcək perspektivlərə toxunulub.