İtaliya və Macarıstanda Gürcüstanın yeni səfirləri təyin olunub
İtaliya və Macarıstanda Gürcüstanın yeni səfirləri təyin olunub

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, İtaliya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri və Romada yerləşən BMT-nin beynəlxalq təşkilatlarında (FAO, IFAD, WFP) Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə Tamar Liluashvili təyin olunub.

“Tamar Liluashvili bu vaxta qədər Macarıstanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub, bundan əvvəl isə Bolqarıstanda Gürcüstanın səfiri kimi fəaliyyət göstərib. Tamar Liluashvilinin dövlət sektorunda zəngin təcrübəsi var, o cümlədən Gürcüstanın Milli İnvestisiya Agentliyinin – ‘Invest in Georgia’ – baş direktoru və ‘RMG’ qrupunun direktor müavini olub,” – deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.

Macarıstanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə isə Nikoloz Laliashvili təyin olunub.

“Nikoloz Laliashvili Qazaxıstan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub. Onun dövlət xidmətində uzunillik təcrübəsi var – o, Gürcüstanın Müdafiə Nazirliyində və Təhlükəsizlik Şurasında müxtəlif vəzifələrdə çalışıb. Nikoloz Laliashvili eyni zamanda Gürcüstan parlamentinin üzvü olub,” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyi bildirir.

Nazirlikdən verilən məlumata görə, Tamar Liluashvili və Nikoloz Laliashvili yeni vəzifələrinin icrasına 1 iyuldan başlayacaqlar.