İsveçrədə baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
İsveçrədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanlar olub.
Yerli polisin məlumatına görə, Qraubünden kantonundakı Suş (Susch) kəndi yaxınlığında turist avtobusu əvvəlcə maneəyə çırpılıb, daha sonra isə yoldan çıxaraq aşıb.
Bildirilir ki, avtobusda hollandiyalı turistlər olub. Hollandiya Səyahət Şirkətləri Assosiasiyasının nümayəndəsinin sözlərinə görə, avtobusda cəmi 48 sərnişin olub və onların hamısı Hollandiya vətəndaşıdır.
Xəsarət alanların və həlak olanların dəqiq sayı hələ məlum deyil.
İsveçrə Prezidenti Gi Parmelin hadisə ilə bağlı kədərini ifadə edib.
“Qraubündendə baş vermiş faciəvi hadisə məni dərindən sarsıtdı və kədərləndirdi. Həlak olanların ailələrinə səmimi başsağlığı verirəm. İsveçrənin aidiyyəti qurumları hadisə ilə bağlı bütün halları müəyyən etmək məqsədilə hərtərəfli və ətraflı araşdırma aparılmasını təmin edəcəklər”, – deyə İsveçrə Prezidenti bildirib.