İstintaq Xidməti uşaq bağçalarında zəhərlənmə faktı ilə bağlı araşdırmaya başlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində Tbilisidə yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqların və bir tərbiyəçinin zəhərlənməsi faktı ilə bağlı məlumat daxil olan kimi dərhal araşdırmaya başlanılıb.
İstintaq Xidmətinin məlumatına görə, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin ikinci hissəsi üzrə aparılır. Söhbət insan həyatı və ya sağlamlığı üçün təhlükəli məhsulların hazırlanması və satışından gedir. Bu məhsulların istifadəsi insan həyatı və ya sağlamlığı üçün təhlükə yaradıb.
“Hazırda əldə olunan məlumata əsasən, Tbilisidə yerləşən 20 uşaq bağçasının 55 uşağında və bir tərbiyəçidə intoksikasiya əlamətləri müşahidə olunur. Onlar tibbi yardım üçün Tbilisidə yerləşən altı tibb müəssisəsinə müraciət ediblər.
Aparılan istintaq çərçivəsində artıq 50-dən çox uşağın qanuni nümayəndəsi, eləcə də tibb müəssisələrinin əməkdaşları dindirilib.
İşin hallarının vaxtında müəyyənləşdirilməsi məqsədilə istintaq və prosessual tədbirlər, o cümlədən axtarışlar bütün gecə ərzində dörd uşaq bağçasında və bağçaları ərzaq məhsulları ilə təmin edən üç şirkətdə intensiv şəkildə aparılıb.
İstintaq tədbirləri Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələri və Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Milli Qida Agentliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Axtarış tədbirlərində Milli Qida Agentliyinin nümayəndələri də iştirak edirlər.
Hazırda əldə olunan məlumata görə, intoksikasiya bakterial infeksiya ilə əlaqəli ola bilər. İnfeksiyanın mənbəyinin isə ehtimal ki, uşaq bağçalarında istifadə olunan qida məhsulları olduğu bildirilir. Hansı məhsulun intoksikasiyaya səbəb olduğu müvafiq ekspertizanın nəticəsində müəyyən ediləcək.
İstintaq davam edir. İntoksikasiya halları qeydə alınan bütün uşaq bağçalarından iş üçün əhəmiyyətli əşyalar, sənədlər və qida məhsulları götürüləcək.
İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.