İstintaq Xidməti saxta arayışlardan istifadə etməklə 20 600 kiloqram üzümün təhvil verilməsi cəhdi faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, dövlətə məxsus pul vəsaitlərini qanunsuz mənimsəməyə cəhd, eləcə də saxta rəsmi sənədin hazırlanması və istifadəsi faktları üzrə iki nəfərə qarşı ittiham irəli sürüblər.
İstintaq Xidmətinin məlumatında, istintaqla təqsirləndirilən şəxslərin dövlətə məxsus pul vəsaitlərini qanunsuz mənimsəmək məqsədilə iki ədəd saxta “Üzümün mənşəyi haqqında arayış” hazırladıqlarının müəyyən edildiyi deyilir. Sənədlərə Qurcaani Munisipalitetinin Candari kəndinin Rkatsiteli növlü üzümün mənşə yeri olması barədə yalan məlumatlar daxil edilib.
Təqsirləndirilən şəxslər bəhsi keçən saxta arayışlardan istifadə etməklə Candari şərab zavoduna 20 600 kiloqram aşağı şəkərliliyə malik üzümü təhvil verməyə cəhd göstəriblər.
İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi və 362-ci maddəsinin birinci hissəsi ilə aparılır, bu da cəza olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.