İstintaq Xidməti korrupsiya cinayətləri faktlarını aşkar edib

13:38, 17.08.2026

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində üç müxtəlif cinayət işi üzrə rüşvət almaq və kommersiya rüşvətxorluğu faktlarını aşkar ediblər və üç nəfəri saxlayıblar.

“Cinayət işlərindən birinin istintaqı ilə Acara Meşə Agentliyinin Xulo Meşə Administrasiyasının meşə gözətçisi N.B.-nin dövlət meşə fondunun torpaq sahəsindən faydalanmaq müqabilində vətəndaşdan rüşvət kimi 1 000 ABŞ dolları aldığı müəyyən edilib. O, pulu alarkən cinayət başında saxlanılıb.

İkinci cinayət işi üzrə aparılan istintaqla aşkar olunub ki, Milli Qida Agentliyin Raca-Leçxumi və Kvemo Svaneti regional xidmətinin baytarı A.L. müəyyən edilmiş prosedurlardan yan keçərək, qeydiyyata alınmamış mal-qaranın identifikasiyası-qeydiyyatı müqabilində vətəndaşdan rüşvət kimi 650 lari alıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə rüşvət almaq faktı üzrə aparılır, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Üçüncü cinayət işi üzrə istintaqla müəyyən edilib ki, MMC “Gürcüstanın Bərk Tullantıların İdarə Olunması Şirkəti”nin operatoru B.Z. Kvemo Kartli regionunda yerləşən poliqonda tullantıların icazəsiz yerləşdirilməsi müqabilində vətəndaşdan 500 lari tələb edərək alıb və bu zaman İstintaq Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Üçüncü cinayət işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsi – kommersiya rüşvətxorluğu faktı üzrə aparılır” – Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunub.

Oxşar