İstintaq Xidməti xüsusilə külli miqdarda aksizsiz siqaretin saxlanması və daşınması faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kaxeti Regional Prokurorluğu ilə koordinasiyada keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, aksiz markası ilə markalanmalı olan xüsusilə külli miqdarda malın aksiz markası olmadan saxlanması və daşınması faktı üzrə bir nəfəri saxlayıblar. Bu barədə məlumatı İstintaq Xidməti yayır.
Qurumun məlumatına əsasən, istintaq hərəkətləri nəticəsində satış üçün nəzərdə tutulmuş 2 500 qutu WINSTON, 2 000 qutu KENT, 2 500 qutu MARLBORO və 7 500 qutu SOBRANIE olmaqla, ümumilikdə 14 500 qutu aksizsiz siqaret götürülüb, bazar dəyəri 125 100 lari təşkil edir.
İstintaq Xidmətinin məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır, bu isə cəzanın növü olaraq 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.